Maliyyə nəzarəti və audit təşkili əsas problem olaraq qalır
Bölmə: İqtisadiyyat › ,Tarix: 20:37 15.09.2023
Maliyyə nəzarəti və audit təşkili maliyyət sektorunun əsas problemlərindən hesab edilir. Sözügedən istiqamətlərin formalaşmasının müasir vəziyyətini təhlil edərkən, müvafiq portfellər üzrə auditlərin nisbətinin artırılmasına ehtiyac olduğu müşahidə olunur. Bakıda keçirilən "Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq" mövzusundakı beynəlxalq elmi-praktik konfranda bu sahədəki nöqsanlara diqqət çəkilib.
2023-cü ilin ötən dövründə Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində artıq xərcləmələrlə bağlı statistika açıqlanıb. Belə ki, büdcəyə hesablanmamış ödənişlər, habelə artıq xərclərin məbləği 91,6 milyon manat təşkil edib. Həmin məbləğin isə 39,6 milyon manatının dövlət büdcəsinə bərpası ilə bağlı qərar qəbul olunub.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov cinayət əməli hesab olunan 9 materialın hüquq-mühafizə orqanlarına göndərildiyini və bu məbləğin təqribən 28,5 milyon manat olduğunu ifadə edib: “Bərpası haqqında qərar verilməyən məbləğin təqribən 23,5 milyon manatdan çox hissəsinin dayandırılması ilə bağlı qərar qəbul edilib. Bu xərclərin bərpası ilə bağlı qərar verilməməsi daha çox sosial xarakterli ödənişlərlə bağlı olub”.
Yanvar-avqustda Azərbaycan Hesablama Palatasının apardığı maliyyə hesabatlarının auditi üzrə aşkar edilmiş təhriflərin məbləği isə 290 milyon manatdan çox olub. Araşdırmalar göstərir ki, təhriflər əksər hallarda qurumların beynəlxalq maliyyə hesabatlarını tam mənimsəməməsindən irəli gəlir.
Hesablama Palatasının sədri əlavə edib ki, auditlərin nəticələri ilə bağlı ictimaiyyətə açıqlanan məlumatlarda son illərdə əhəmiyyətli artımlar olduğu görünür: “Hesablama Palatası tərəfindən 2021-ci ildə portfel üzrə keçirilmiş auditlərin 54 %-i açıqlanırdısa, 2022-ci ildə bu 60 %-ə yüksəlib. 2023-cü il üzrə bu nisbətin artırılmasını hədəfləyirik”.
2021-2022-ci illərə dair nəticələrin təhlili göstərir ki, 1 milyard manatdan çox əhəmiyyətli təhrif məbləği üzrə düzəlişlər həyata keçirilir.