Dezinformasiyalara qarşı necə mübarizə aparmalı?-Ekspert açıqlayır

Bölmə: Siyasət › ,
Tarix: 21:04 04.10.2023

“Dezinformasiya ən az informasiyanın özü qədər çoxdan var olan bir anlayışdır. İnternet texnologiyalarının sürətlə inkişaf etdiyi bir dönəmdə isə bunun daha çox şahidi olmağa başlamışıq. Xüsusən də, sosial mediada bəzən doğru ilə yalanın bir-birinə necə qarışdığını görürük”.

Bu sözləri İnformator.az-a açıqlamasında yeni media üzrə mütəxəssis Səbinə İzzətli deyib. Onun sözlərinə görə, sosial media hər nə qədər informasiyanı sürətli bir şəkildə əlçatan etsə də, gətirdiyi risklər də göz önündədir.

“Dezinformasiya yayanlar bunu bilərəkdən, düşünülmüş qaydada, hansısa məqsədlərə xidmət etmək üçün edirlər. Bunu bəzən bilgisizlikdən, kortəbii yayılan saxta məlumatlarla eyniləşdirirlər, ancaq bu belə deyil. Dezinformasiyanın yayılması daha da təhlükəlidir, bunun arxasında bəzən hansısa siyasi məqsədlər də dura bilir. Xüsusən də, müharibə, təbii fəlakətlər kimi həssas dönəmlərdə biz bunun sıx-sıx şahidi oluruq.
Dezinformasiyanın qarşısını almaq üçün dünyada bir çox tədbirlər görülməyə başlayıb. Misal, Türkiyədə hələ ötən ildən Sosial medianın tənzimlənməsi haqqında qanun layihəsi müzakirəyə çıxarıldı. Bu qanun Dezinformasiya Qanunu olaraq da tanınır. Yalan xəbər yaymağı cinayət hesab edərək 1 ildən 3 ilə qədər həbs cəzası nəzərdə tutan 29-cu maddə cəmiyyətdə xeyli müzakirələrə səbəb oldu. Həmin maddəyə görə, yayılan xəbər həqiqətə uyğun deyilsə, ölkənin təhlükəsizliyinə və ictimai sağlamlığına toxunursa, ictimaiyyət arasında qorxu, panika və təşviş yaratmaq, ictimai asayişi pozmaq niyyəti varsa, bu məlumatları yayanlar da cinayət məsuliyyətinə cəlb ediləcək.
Avropa Birliyinin də yenicə qəbul etdiyi Rəqəmsal Xidmətlər Aktı şəffaflıq prinsiplərinə və qaydalarına əməl etməyən sosial şəbəkə sahiblərinə qarşı cəzalar tətbiq edir. Birliyin hazırladığı qanun sosial media nəhənglərinin qlobal büdcəsinin 6 faizinə qədər cərimə ödənməsini tələb edir. Cərimənin ödənilmədiyi təqdirdə bu sosial şəbəkələrin Avropa Birliyi ölkələrində fəaliyyətlərinə müvəqqəti qadağa qoyulması nəzərdə tutulur. Bu da əslində, sosial şəbəkə sahiblərinin üzərinə qoyulan bir məsuliyyətdir, yəni alqoritmlər o qədər güclü olmalıdır ki, insanlar rahatlıqla virtual məkanda dezinformasiya yaymasın, eləcə də kibercinayət törətməsin.
Məsələ odur ki, tənzimləmələr sərt olduqda və tətbiq mexanizmi şəffaf olmadıqda bənzər qanunlar söz və ifadə azadlıqlarının məhdudlaşdırılmasına da şərait yaratmış olur. Hesab edirəm ki, yayılan dezinformasiya problemini hansısa qanunlar çərçivəsində deyil, ictimai qınaq, doğrulama, maariflənmə yolu ilə tənzimləmək daha düzgün olardı. Yanlış məlumat qurbanı olmamaq və insanlara əsası olmayan xəbərlər təqdim etməmək üçün hər paylaşımdan əvvəl o informasiyaları internetdəki fakt yoxlama alətlərinin də köməyi ilə doğrulamaq mümkündür. Media savadlılığı mövzusunda məlumatlandırıcı materiallar çoxalmalıdır. Məhz media savadlılığı ilə silahlanmış cəmiyyətlərdə rəqəmsal mediada cərəyan edən dezinformasiyanı doğru məlumatlardan ayırd etmək mümkün olacaq”.

Zeynəb Xudiyeva