Türk lirəsi yenidən ucuzlaşıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:20 05.10.2023

Federal Ehtiyat Sisteminin faiz dərəcələrini uzun müddət yüksək səviyyədə saxlayacağı gözləntiləri ilə dollar beynəlxalq bazarlarda möhkəmlənməyə davam edir. Dollar indeksi qlobal miqyasda yüksəlişini davam etdirərkən, Türkiyə lirəsi yenidən rekord səviyyədə ucuzlaşıb. Bütün bunlara baxmayaraq, türk valyutasının aqibəti ilə bağlı nikbin xəbərlər də var. Goldman Sachs uzun fasilədən sonra Türkiyə iqtisadiyyatı ilə bağlı pozitiv proqnozlar açıqlayıb. 


Həftə dollar və avronun türk lirəsi qarşısında bahalaşması ilə başlayıb. Bu isə o deməkdir ki, Türkiyədə inflyasiya gözləntiləri daha da artır. Türkiyə Statistika Təşkilatının məlumatına görə, sentyabrda illik inflyasiya 61,53 faiz təşkil edib. Aylıq inflyasiya göstəricisi isə 4,75 faiz açıqlanıb. Belə görünür ki, lirənin dəyər itirməsi vətəndaşların cibində də özünü göstərir. Xüsusilə xaricdən gətirilən məhsullarda qiymət artımları var. Lirənin ucuzlaşması, eləcə də Türkiyə daşınmaz əmlak bazarını xarici alıcılar üçün daha gəlirli edir. Əcnəbilərin çoxu Türkiyədə mülk almağa üstünlük verir ki, bu da eyni zamanda ölkədə mənzil qiymətlərinin artmasına səbəb olur.



ABŞ-ın ikinci ən böyük bankı olan Bank of America iqtisadçıları isə 2023-cü ilin son rübünə dollar lirə qarşılaşması ilə bağlı proqnozunu açıqlayıb. Bankın gözləntilərinə görə, neft qiymətlərindəki artımın potensial volatillik yaradacağı və neft idxalçıları olan Şərqi Avropa, Yaxın Şərq və Afrika regionu ölkələrinin valyutalarının performansını aşağı salacağı bildirilib. Xüsusən Türkiyə, Polşa və Macarıstanın valyutalarında zəiflik gözlənilir. Bank of America-ın hesablamalarına görə, ilin son rübündə 1 ABŞ dollarının 30 lirəyə çatacağını proqnozlaşdırılır. Bundan əlavə, hesabatda deyilir ki, Türkiyədə siyasi qeyri-müəyyənlik və iqtisadi çətinliklər davam edir. Əslində Mərkəzi Bank uçot dərəcəsini artırmalıdır, amma bunun üçün siyasi iradə yoxdur. Bu səbəbdən lirəyə təzyiqlərin davam etməsi gözləniləndir. Bank həmçinin bəyan edib ki, Türkiyənin kredit reytinqinin aşağı salınması riski var. Üstəlik, ABŞ ilə münasibətlər gərgin olması lirəyə mənfi təsir göstərir. Goldman Sachs isə “Türkiyə yenidən oyuna girir” başlıqlı hesabat yayımlayıb. Bankın açıqlamasına görə, son illərdə xarici investorlar Türkiyəyə demək olar ki, maraq göstərmirdi. Ancaq may ayında keçirilən ümumi seçkidən sonra bu vəziyyət yavaş-yavaş da olsa dəyişməyə başlayıb. Goldman Sachs dollar lirə məzənnəsinin üç aydan sonra 28, altı aydan sonra isə 29 səviyyəsində olacağını proqnozlaşdırır. 



Türk lirəsinin ucuzlaşması ilin üçüncü rübündə davam etsə də, diqqət çəkən məqam odur ki, inflyasiya may ayından bu yana daha zəif səviyyədə olub. Mütəxəssislər bunu onunla əlaqələndirir ki, Türkiyədəki seçkidən sonra iqtisadiyyatda atılan addımlar sürətlə reaksiya verməyə başlayıb. Və hökumətin ənənəvi pul siyasətini qəbul etməsi ilə başlayan yüksəliş tendensiyası davam edir. Bundan əlavə, Türkiyə Mərkəzi Bankının xalis beynəlxalq ehtiyatları 6 milyard dollardan çox artaraq təxminən 24 milyard dollara çatıb.  Hakimiyyət orqanlarının seçki dövründə valyuta tələbini cilovlamağa və lirəni sabitləşdirməyə çalışdığı iyunun əvvəlində isə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları mənfi 5 milyard 700 milyon dollara düşmüşdü və bu məbləğ 2002-ci ildən bu yana ən aşağı səviyyə kimi qeydə alınıb.