Ukraynaya yardımlar azalıb-Təhlil

Bölmə: Siyasət › ,
Tarix: 22:32 05.10.2023

ABŞ Ukraynaya maliyyə yardımlarını dondurub. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib. Böyük Britaniya da Kiyevə hərbi yardım etməsi üçün lazım olan silahlarının tükəndiyi bildiririb. Onu da qeyd edək ki, bundan əvvəl Polşa Ukraynaya hərbi texnika göndərməyəcəyini deyib. ABŞ və Qərbin yardımları dayandıracağı halda vəziyyət necə dəyişəcək? Və ən əsası Qərb oyundan niyə çıxır? 

 

ABŞ administrasiyası uzunmüddətli maliyyə çatışmazlığı səbəbindən Ukraynaya yardım üçün müqavilə layihələrini faktiki olaraq dondurub. Birləşmiş Ştatlar Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin verdiyi məlumata görə, Vaşinqtonun Ukraynanın yaxın gələcəkdə özünü müdafiə etmək qabiliyyətini dəstəkləməyə davam etmək imkanı olsa da, indiki təhlükəsizliklə bağlı maliyyə yardımının böyük hissəsini artıq dayandırıb. Bundan başqa Böyük Britaniyanın “The Daily Telegraph” nəşri bildirib ki, Ukraynaya lazımi hərbi dəstək göstərmək üçün Britaniya ordusunun imkanları tükənib. Eyni şəkildə “Politiko” nəşri də qeyd edib ki, Qərb artıq ehtiyatlarından Kiyevə silah ayırmağa davam edə bilməz.


Qərbin indiki məqamda Ukraynaya maliyyə və hərbi yardımları dayandıracağı ilə bağlı məlumat verməsi iki ilə yaxındır davam edən müharibənin əslində elə Qərbin planı olduğuna dair müxtəlif iddiaların yaranmasına səbəb olub.  Avropanın öz ölkələri üçün indiyədək etmədiyi hərbi yatırımı Ukraynaya etməsi, üstəgəl əhalinin uzun müddətdir bununla bağlı narazılığı vəziyyətə təsir edən amil kimi göstərilir. Lakin bu faktlar Kiyevə dəstəyin dayandırılması üçün yetərli deyil. Çünki ardıcıl sanksiyalara məruz qalan, eləcə də təkbaşına Qərbi qarşısına alan Moskva indiki dönəmdə silah istehsalını və orduya ayrılacaq büdcəni əhəmiyyətli dərəcədə artırıb. Belə olan halda isə Qərbin, xüsusilə Birləşmiş Ştatların maliyyə və silah tədarükü ilə bağlı problemlər yaşadığı bildirməsi heç də real görünmür. Ekspertlərin fikrincə, Qərbin əsas məqsədi Rusiyanı heç bir ərazidə müharibə apara bilməyəcək səviyyədə zəiflətmək, hətta mümkün olarsa dövlət çevrilişi etmək idi. Analitiklər hesab edir ki, Qərb artıq Rusiya-Ukrayna müharibəsinə dair planlarının müəyyən mənada reallaşdıra bilib. 

Siyasi şərhçi Turab Rzayev məsələyə belə münasibət bildirib: “Bayden nə deyirdi? Bayden deyirdi ki, bizim hədəfimiz odur ki, biz Rusiya xalqını məcbur edəcəyik ki, Vladimir Putin hakimiyyətində çevriliş olsun. Nəhayət, son hədəfimiz Vladimir Putinin hakimiyyətdən getməsidir. Ordu isə tamamilə fərqli fikir bildirirdi. Pentaqonun fikri ondan ibarət idi ki, Ukrayna müharibəsi o qədər davam etdirilməlidir ki, Rusiya bir daha başqa bir ölkədə müharibə apara bilməsin. Yəni bu müharibənin əsas səbəbi Rusiyanın bütün resurslarını, hərbi, insan, maliyyə onu xərcləməyə məcbur etmək və Rusiyanı həddindən artıq zəiflətməkdir. Ancaq heç birində Rusiyanın nəhayi olaraq dağıdılması, parçalanması və.s belə bir hədəf yoxdur. Yəqin düşünürlər ki, Rusiya kifayət qədər zəifləyib artıq. Öz ehtiyatlarını istifadə edib. Və yaxud Rusiya ilə hansısa şəkildə dil tapacaqlar”.

Digər tərəfdən ekspertlər bildirirlər ki, Birləşmiş Ştatlar məhz indiki məqamda silah yardımını dayandırmağa müəyyən mənada məcbur idi. Çünki müharibə başlayandan bəri böyük miqdarda hərbi sursat itirən Moskvanın silah inventarı əhəmiyyətli dərəcədə azalıb. İran, eləcə də Şimali Koreyadan silah tədarükü də bu faktı gücləndirir. Bunun fonunda, Kreml bəyanatlarında son çarə olaraq nüvə silahına əl atacağını bildirir. Odur ki, Qərb Kremlin inventarı bitəcəyi təqdirdə Kiyevə qarşı nüvə silahından istifadə etməsinin qarşısını almaq üçün məhz bu addıma gedir. 



Bir qrup ekspertin fikrincə, yardımlar tamamilə dayandırıldıqdan sonra Qərb Rusiya-Ukrayna arasında danışıqların aparılmasına cəhd edə bilər. Böyük həcmdə silah-sursat və maliyyə itirən Kremlin də masaya oturacağı istisna edilmir. Bu isə Ukraynada da Koreya ssenarisinin tətbiq oluna biləcəyi ehtimalını gündəmə gətirir. Bu versiyaya görə, Ukraynanın qərbi Birləşmiş Ştatların, şərqi Rusiyanın himayəsinə keçə bilər. Lakin bu iddianın nə dərəcədə doğru olub, olmadığını zaman göstərəcək.