Bəzi xarici qüvvələrin "etnik təmizləmə" hekayəsi

Bölmə: Siyasət › ,
Tarix: 14:18 06.10.2023

Azərbaycanın Qarabağdan köçən və ya Azərbaycan Respublikasının vətəndaşı olmaqla razılaşan erməni əsilli sakinlərə qarşı humanist davranışları bütün dünyanın gözü önündədir. Ancaq hələ də bəzi dünya dövlətləri, beynəlxalq təşkilatlar bu humanist davranışlara birtərəfli mövqedən yanaşırlar. Bəs niyə həqiqəti demirlər? Birtərəfli mövqelərinin səbəbi nədir?


Milli Məclisin üzvü Razi Nurullayev informator.az saytına açıqlamasında deyir ki, Qarabağda yaşayan erməni sakinlərinin öz könül xoşluqları, şəxsi qərarları ilə getmələrinə baxmayaraq, Fransa, Almaniya və ABŞ-da bəzi vəzifəli şəxslərin bu məsələni hələ də Azərbaycana qarşı şantaj kimi istifadə etmək niyyətləri var:


"Təəsüflər olsun ki, Avropa Parlamenti də bəzi erməni təəsübkeşi olan şəxslərin yanlış məlumatları ilə parlamentin bir çox deputatlarının fikirlərini qarışdırıb, öz tərəflərinə çəkib və Azərbaycana qarşı hüquqi əsasları olmayan qətnamələr də qəbul etdirirlər. Reallığa əsasən, Qarabağdan köçən ermənilər də müsahibələrində heç bir etnik təmizləmənin olmadığını, Azərbaycan hərbçilərinin ermənilərdən "siz niyə çıxıb gedirsiniz? Getməsəniz,burada daha yaxşı yaşayacaqsınız" fikirlərini də səsləndirirlər. Azərbaycan anti terror tədbirləri zamanı bütün hərbi obyektləri dəqiqliklə vurdu, vətəndaşlara zərər vermədi. Bunu bütün dünya bilir, orada etnik təmizləmə, mülki şəxslərin öldürülməsi baş versəydi, onlar çoxdan Azərbaycana qarşı addımlar ata bilərdilər, ancaq əllərində hər hansı bir əsasları yoxdur".


Razi Nurullayev bunları əlavə edir: "İkinci olaraq, BMT-nin nümayəndələri Xankəndində, bütün Qarabağda oldular, orada yaşayan ermənilərlə danışdılar, Azərbaycan hakimiyyətinin nümayəndələri ilə söhbət etdilər və bir çox məsələlərə özləri şahid olub, araşdırdılar, təsdiq etdilər ki, heç bir etnik təmizləmə baş verməyib, ermənilər öz istəkləri ilə gediblər. Çünki onlar Azərbaycan bayrağı altında yaşamaq, Azərbaycan Respublikasının qanunlarına tabe olmaq istəmirlər, Azərbaycana, azərbaycanlılara, Türkiyəyə nifrət edirlər. Bu, artıq onların problemidir, yaşamaq istəmirlərsə, çıxıb gedirlər. Biz onların iradələrinə təzyiq və yə təsir göstərmək niyyətində deyilik".

 

Milli Məclisin üzvü Azərbaycanı narahat edən başqa bir məsələyə də vurğu edib: "Məsələ ondan ibarətdir ki, 1 milyona yaxın köçkünü öz yurdlarına qayıtmayıb, ermənilərin 30 il ərzində məhv etdiyi, dağıtdığı yerlər göz önündədir. Bu gün onlar Xankəndinə "ruh şəhər" deyirlər, çünki insan yoxdur, ancaq şəhər yerindədir, ermənilər ordan bir neçə gündür ki, öz istəkləri ilə gediblər. Bəs məhv edilən Füzuli, Ağdam, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl? 44 günlük müharibədən sonra Azərbaycan ermənilərin bizim mədəni irsimizi məhv etdiklərinə şahid olmaları üçün UNESCO-nu dəvət edir. Ancaq onlar nümayəndə göndərmədilər, bu gün isə ermənipərəst UNESCO Ermənistana nümayəndə göndərir ki, erməniləri dinləyib, onların "mədəni irsi" barəsində danışsınlar".


Deputat əlavə edir ki, bu davranışlar dünyadakı haqsız siyasətin sübutudur:


"Azərbaycan haqlı olduğunu bilir, bizim gücümüz öncə silahımızda yox, haqlı olmağımızdadır. Çünki biz haqlı olmasaq, Azərbaycanın əsgəri, zabiti də ölümün gözünün içinə baxa-baxa gedib torpaqlarımızı azad etməzdi".

 

"Həqiqəti ona görə demək istəmirlər ki, bu, onlara sərf etmir"- bu sözləri isə siyasi analitik Elxan Şahinoğlu saytımıza açıqlamasında qeyd edib:

 

"30 il boyunca işğalçılığa, BMT-nın 4 qətnaməsinin yerinə yetirilməməsinə izləyici qaldılar. Ancaq bu gün Azərbaycanın uğurlu əməliyyatlardan sonra öz ərazi bütövlüyünü təmin etməsini faciə kimi qələmə verməyə çalışırlar. Bəziləri isə "etnik təmizləmə"dən danışır".


Politoloq deyir ki, həm Avropanın, həm də Amerikanın Azərbaycana ehtiyacı var və bir müddət sonra Azərbaycana qarşı yürütdükləri bu siyasətdən müəyyən qədət imtina etməyə məcbur qalacaqlar:

 

"Həmin ölkələr həqiqəti eşitmək istəmirlər, ermənipərəst mərkəzlərin də onlara təsir imkanı var. Bu, bizi narahat etməməlidir. Biz haqlı olduğumuzu bilirik, əsas hədəflərimizə də çatdıq".

 

Nəzrin Mirzəyeva