Brüsseldə keçiriləcək görüşdən gözləntilər nələrdir?-Politoloqdan açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 15:37 06.10.2023

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Brüsselə görüşə dəvət edib.
Bildirilib ki, görüş oktyabrın son həftəsində baş tuta bilər.
"Qranadada keçirilməsi gözlənilən beştərəfli formatda görüşün fiaskoya uğramasından sonra Avropa İttifaqının belə bir təşəbbüslə çıxış edəcəyi əslində gözlənilən idi. Azərbaycan tərəfli açıq şəkildə Avropa İttifaqı prezidentinə başa saldı ki, Fransanın iştirakı ilə keçiriləcək hər hansı bir görüşdə sülh prosesindən danışmaq olmaz. Çünki Fransanın istəyi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması deyil, tam əksinə vəziyyətin gərgin olaraq qalması və bundan istifadə edərək regiondakı maraqlarını təmin etməkdən ibarətdir"
Bu sözləri İnformator.az-a açıqlamasında politoloq Yusif Bağırzadə qeyd edib.
Politoloqun sözlərinə görə, Azərbaycanın belə bir formatda iştirakdan imtinası isə təbii olaraq digər oyunçular üçün, yəni ABŞ və Rusiya üçün meydan açır. Odur ki, təşəbbüsü əldən verməmək üçün Avropa İttifaqı Prezidenti yenə də ənənəvi üçlü formatda görüşlə bağlı təkliflə çıxış etmək məcburiyyətində qalıb.
"Şarl Mişek dünən verdiyi açıqlamada Azərbaycan və Ermənistan liderlərini oktyabrın sonunadək Brüsselə dəvət edəcəyini bildirib və bununla bağlı tərəfləri məlumatlandırdığını deyib. Təbii ki, Azərbaycan cəhhəsi olaraq bizim bu tərkibdə görüşə etirazımız yoxdur. Biz haqlı tərəfik və istənilən platformada öz maraqlarımızı heç bir halda güzəştə getməyəcəyimizi də dəfələrlə sübut etmişik. Yetər ki, vasitəçi qismində çıxış edən tərəflər öz bitərəfliyini nümayiş etdirsin və sülh prossesinə töhfə verməkdə səmimi olsunlar. Amma təəssüf ki, Avropanın bir sıra institutları öz ambisiyaları və maraqları çərçivəsindən çıxış edərək sülhə töhfə vermək əvəzinə əksinə prossesə zərbə vururlar. Elə dünən Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi Qətnamə bunun bariz sübutudur. Avropa Parlamentinin həmin qətnaməsi əslində Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesində Avropa İttifaqının vasitəçilik cəhdlərinə və ümumiyyətlə, həmin missiyaya vurulan ən ağır zərbələrdən biridir. Görüş keçiriləcəyi halda gözləntimiz təbii ki, indiyə qədər aparılan danışıqlarda əldə olunmuş nəticələrin icrası istiqamətində konkret addımların atılması ilə bağlıdır. Məsələn elə dünən Azərbaycanın iştirakı olmadan keçirilən görüşdə qəbul olunan bəyanatda Ermənistanın (29 min 800 kvadratkilometr) və Azərbaycanın (86 min 600 kvadratkilometr) suverenliyinin, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında” Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönələn səylərin dəstəkləndiyi vurğulanıb, eləcə də sərhədlərin delimitasiyası üzrə işlərin təcili aparılmasının zəruriliyi diqqətə çatdırılıb. Bəyanatda həmçinin regional kommunikasiyaların açılması ilə bağlı çağırışlar da var. Əslində elə bizim də gözləntimiz o yöndədir. Azərbaycanın 86.6 min kvadrat kilometr səviyyəsində tanınan əraziləri ilə bağlı Ermənistan konkret addımlar atsın. Yəni Qazaxın 7 və Naxçıvanın 1 kəndi dərhal geri qaytarılsın. Sərhədlərin delimitasiyası məsələsini uzun müddətdir ki, qaldırırıq və hər dəfə də prosses Ermənistan tərəfindən pozulur. Avropa İttifaqı zəhmət çəkib bununla bağlı da Ermənistana təzyiq göstərməldiir. Eyni şəkildə regional komunikasiyalarla bağlı da Ermənistan üzərinə götürdüyü öhdəlikəri icra etməlidir. Görüş baş tutacağı halda təbii ki əvvəlki görüşlərdən fərqlənəcək. Çünki indiyə qədər keçirilən görüşlərdə tərəflərin razılığa gələ bilmədikləri əsas məsələ Qarabağ erməniləri, onların hüquqları və təhlükəsizliyi ilə bağlı idi. Bu məsələ artıq arxada qalıb. Reinteqrasiya prossesi başlayıb, hətta Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciət edənlər var və bu da onu göstərir ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizlikləri Azərbaycan qanunları ilə qorunur. Bir sözlə biz sülhə hazırıq, əgər Ermənistan da sülhə hazır olarsa, eləcə də ayrı ayrı vasitəçilər rəsmi Bakıya təzyiq göstərmək cəhdlərinin, pressinq tətbiq etmək istəklərinin mənasız olduğunu dərk edərək sülhə töhfə verməyə hazır olarlarsa o zaman sülh sazişinin imzalanması üçün heç bir əngəl qalmaz".
Asiman Hafizqızı