Prezident buna 20 il əvvəl and içmişdi- Fotolar
Bölmə: Siyasət › ,Tarix: 17:25 15.10.2023
Bu gün kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə möhtəşəm görüntülər yayılır.
“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev Sərsəng su anbarı ərazisində və Ağdərə şəhərində üçrəngli dövlət bayrağımızı ucaldıb.
Bu tarixi anlar İlham Əliyevin birinci müddətə Azərbaycan Prezidenti seçilməsinin 20 illiyində baş verib.
Bu məqamda 2003-cü ilin oktyabrın 15-nə, Prezident seçilən İlham Əliyevin andiçmə mərasimindəki nitqinə, xüsusən də həmin gün Qarabağ problemi ilə bağlı çıxışına nəzər salaq.
Prezident demişdi:
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. Uzun illərdir ki, biz atəşkəs rejimində yaşayırıq. Təəssüflər olsun ki, bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik heç bir nəticə vermir. Biz hələ də ümidlərimizi itirmirik. Hələ də ümid edirik ki, həmsədrlər bu məsələ ilə daha ciddi şəkildə, məsuliyyətlə məşğul olacaqlar. Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.
Prezident bu sözləri deyir, üçrəngli bayrağımızı öpərək alnına qoyur və and içir!
20 ilin tamamında isə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa olunur. Prezident bu dəfə də şanlı bayrağımızı öpür və alnına qoyur. Amma bu dəfə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu ərazilərdə - Sərsəngdə, Ağdərədə...