Azərbaycan hüquqi müstəvidə düşmənin vurduğu zərərin qarşısını alacaq-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 16:18 16.10.2023

“Azərbaycan xalqı illər boyu davam edən münaqişəyə nəhayət ki, son qoydu. II Qarabağ Müharibəsindən sonra işğaldan azad edilərək, Azərbaycan dövlətinin nəzarətinə keçən bəzi ərazilərimizlə əlaqədar problemlərimiz mövcud idi”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov söyləyib. Onun sözlərinə görə, Xankəndi, Xocalı, Ağdərə ilə bağlı suallara dünəndən etibarən, cavab verildi, bayrağımız sözügedən ərazilərdə dalğalandı.

 

“Azərbaycanın həmin bölgələrdə suverenliyinin tam təmin edilməsi bizim siyasi-diplomatik müstəvidə qələbəmizin yekunu idi. SSR-nin süqutundan sonra, 30 ilə yaxın müddətdə Azərbaycanın müstəqilliyini təmin edə bilməməsi onun inkişafına mənfi təsir göstərdi. Ərazilərimizin 20%-nin işğal altında qalması dövlətin inkişafına şərait yaratmadı. Lakin, II Qarabağ Müharibəsindən sonra Azərbaycan yenidən dirçəlməyə nail oldu”.

 

Xəyal Bəşirov deyir ki, sülh sazişinin imzalanması an məsələsidir.

 

“Amma unutmaq olmaz ki, Azərbaycan digər ərazilərini 30 il ərzində regionların sosial-iqtisadi inkişaf proqramına uyğun şəkildə inkişaf etdirir. İşğal dönəmində ərazilərimiz nəinki inkişafdan kənar, əksinə, vəhşiliyə, təcavüzə məruz qalıb, yerlə-yeksan olub, infrastrukturu tamamilə məhv edilib. Lakin, Azərbaycan son 3 il müddətində bölgələrdə ciddi yenidənqurma tədbirlərini həyata keçirir. Hazırda, ərazilərdə avtomobil yolları, tunellər, körpülər, şəhərlərin təməllərinin qoyulması, infrastrukturun bərpası kimi ciddi addımlar atılır. Siyasi baxımdan Azərbaycan reinteqrasiya prosesini həyata keçirir, Ermənistanla əməkdaşlıq edərək, sülh müqaviləsinə görə gün sayır. Dövlət, inkişaf quruculuğu layihəsinə 10 milyard dollar vəsait ayırıb. Eyni zamanda, ərazilərdə minaların təmizlənmə prosesi də həyata keçirilir. Bütün bunlar ölkənin iqtisadi inkişafına ciddi təsir göstərəcək. Bu ərazilərin bərpa edilməsi Azərbaycana böyük vəsaitlər hesabına başa gələcək”.

 

Müsahib düşünür ki, Azərbaycan döyüş meydanında, siyasi müstəvidə düşməni diz çökdürdükdən sonra, hüquqi müstəvidə də düşmənin vurduğu zərərin qarşısının alınması ilə bağlı prosesləri davam etdirəcək.

 

“Gələcəkdə bu problemi məhkəmələrdə də qaldıracayıq. Biz beynəlxalq aləmə açıq dövlətik. Azərbaycan Cənubi Qafqazda əmin-amanlığı, sülhü istəyir. Bütün bu məqamlar ona hesablanıb ki, Azərbaycan Ermənistanla bağlı düşmənçilik səhifəsini arxada qoysun. Lakin bütün proseslər Ermənistandan asılıdır. Sülh birtərəfli yeridilmir. Qarşı tərəf düşmənçiliklə əlaqədar, nəsə etsə, yenə cavabını alacaq. Ermənistan sülh, əmin-amanlıqla əlaqədar bizə adekvat cavab verməsə, o daim olduğu kimi bütün mövqelərdən kənar çıxış edəcək. Azərbaycan da öz növbəsində, ona qonşu, həmrəy olan dövlətlərlə inkişafını davam etdirəcək”.

 

Həcər Əmiraslanlı