Yaxın günlərdə Zəngəzur dəhlizinin açılması reallaşacaq-Deputat detalları açıqladı

Bölmə: Siyasət › ,
Tarix: 16:54 16.10.2023

“Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən, Cənab Prezident İlham Əliyevin xarici və daxili siyasətinin əsasını, iqtisadi və siyasi cəhətdən tam müstəqil dövlət qurmaq ideyası təşkil edir. Azərbaycanın bu gün qüdrətli dövlətə çevrilməsinin əsas səbəbi, ölkə prezidentinin heç bir ölkədən asılı olmayan iqtisadiyyat yaratmasıdır”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva söyləyib. Deputat deyir ki, ölkə başçısı bütün ölkələrlə qarşılıqlı hörmət və ehtiram çərçivəsində münasibətlər qurmağa çalışır.

 

“2020-ci il Vətən Müharibəsində torpaqlarımızı işğaldan azad etdik. 2023-cü il sentyabrın 19-da isə lokal antiterror əməliyyatlarının uğurla başa çatması nəticəsində Azərbaycan seperatizmin kökünü tamamilə kəsdi. Bütün bu proseslər oktyabr ayının 15-də Xankəndidə bayrağımızın dalğalanması hesabına həyata keçirilib. 15 oktyabr Azərbaycan öz adını tarixə qızıl hərflərlə yazaraq, Xankəndidə bayrağımızın dalğalanmasına, suverenliyimiz tam bərpa edilməsinə nail oldu”.

 

Kamilə Əliyeva düşünür ki, Xankəndidə bayrağımızın ucalması yaxın günlərdə Zəngəzur dəhlizinin açılmasını da reallaşdıracaq.

 

“Zəngəzur dəhlizinin açılması prosesi getdikcə sürətlənəcək. Azərbaycanı təhdid edən dövlətlər, onunla yaxın müddət ərzində əməkdaşlığa başlayacaq”.

 

Həcər Əmiraslanlı