Füzuli əməliyyatı Vətən müharibəsinin əhəmiyyətli döyüşlərindən olub-deputat Kamilə Əliyeva
Bölmə: Siyasət › ,Tarix: 11:11 17.10.2023
Azərbaycanın ən böyük yaşayış məskənlərindən biri olan Füzuli şəhəri və rayonunun böyük hissəsi 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Ermənistanın işğalçı ordusu ilə mərdliklə vuruşan füzulilər 63 nəfər şəhid verdi, 400 nəfər əlil oldu, 181 nəfər əsir və itkin düşdu. 1386 kvadrat kilometr ərazisi, 144 min əhalisi olan Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə, eləcə də Araz çayı boyunca İranla həmsərhəddir.
Füzulinin əsası 1827-ci ildə qoyulub və Qarabulaq adlandırılıb. 1930-cu ildə rayon təşkil olunaraq Qaryağin, 1959-cu ildə isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli adlandırılıb.
İşğala qədər Füzuli rayonu ərazisində qədim tarixi mədəni abidələr, türbələr mövcud olub. XIII - XIV əsrlərdə bu yurdun yerli sakinləri olan azərbaycanlılar tərəfindən tikilən qədim abidələr erməni vəhşiləri tərəfindən dağıdılıb, yerlə yeksan edilib.
5 yanvar 1994-cü ildə Prezident və Ali Baş Komandan olan ulu öndər Heydər Əliyevin əmrinə əsasən Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat keçirərək, Füzuli rayonunun 22 yaşayış məntəqəsini işğaldan azad edib.
27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə əks hücum əməliyyatına başladı.
Vətən müharibəsinin elə ilk günü qəhrəman əsgər və zabitlərimiz bir neçə kəndimizi işğaldan azad etdi. 17 oktyabr 2020-ci il tarixində Azərbaycan silahlı qüvvələri Füzuli şəhəri də daxil olmaqla rayonun 62 kəndini işğaldan tam azad etdi.
Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti demək olar ki, tamamilə dağıdıldı. Füzuli uğrunda aparılan döyüşlər Vətən Müharibəsində ən ağır, çətin döyüşlərdən idi.
30 il Ermənistan ordusu burada 5- 6 xətdən ibarət güclü istehkam qurdular. Hərbi ekspertlər bu müdafiə xəttlərini yarmaq üçün istənilən orduya bir neçə ay lazım ola biləcəyini vurğulayırdılar. Azərbaycanın igid oğulları bütün dünyanı heyrətə sala biləcək böyük qəhrəmanlıq nümayiş etdirərək qısa müddətdə bu müdafiə xətlərini tamamilə dağıtdılar.
2020-ci ilin noyabrınn 26-da "Füzulinin azad olunmasına görə"' medalı təsis edildi. Azərbaycan Ordusunun 25301 hərbi qulluqçusu Prezident cənab İlham Əliyevin sərəncamları ilə bu medalla təltif edilib.
Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İşğaldan azad edilən əraziləri üzrə şəhər günləri təsis edilib. Sözü gedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub.
Təsdiqlənən Baş Plana uyğun olaraq Füzuli rayonu yenidən qurulur. Vətən Müharibəsi başa çatdıqdan sonra Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə Füzuli rayonuna səfər edib. 16 oktyabr tarixində növbəti dəfə Füzuli rayonuna səfər edən Prezident cənab İlham Əliyev Füzuli şəhərində üç yaşayış kompleksinin, şəhərin inzibati binasının və bir çox sosial obyektlərin təməlini qoydu. Artıq Füzuli rayonunun bir qrup sakininin öz doğma evlərinə qayıtmaları təmin olunub. Onlar hər cür şəraiti olan gözəl evlərlə təmin olunublar.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor