Azərbaycan real müstəqilliyinə 44 günlük müharibə və antiterror əməliyyatlarından sonra nail olub-Politoloq

Bölmə: Siyasət › ,
Tarix: 19:58 18.10.2023

“32 il bundan öncə baş tutan prosesləri dəyəndirsək, bu zaman çərçivəsində Azərbaycan çox önəmli bir yol keçib. Xüsusilə, 1993-cü ildən başlayaraq həyata keçirilən siyasət Azərbaycanı öz hədəflərinə doğru yönəltdi”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli bildirib. Onun sözlərinə görə, Müstəqillik ifadəsi kompleks anlayışdır.

 

“Müstəqillik, sadəcə dövlətin konstitusiya aktının qəbul edilməsi ilə kifayətlənmir. Müstəqillik özünü ilk olaraq, dövlətin ərazi bütövlüyünün təmin edilməsi və onun suveren hüquqlarının bütün ərazilərə şamil edilməsi prosesində göstərir. Biz bu komponentləri ümumi şəkildə götürsək, Azərbaycan real müstəqilliyinə 44 günlük müharibə və antiterror əməliyyatlarından sonra nail olub. Biz bu gün müstəqilliyin önəmli mərhələsini yaşayırıq”.

 

Elçin Mirzəbəyli Azərbaycanın siyasətində istifadə edilən “Yumşaq güc” üsulundan da söhbət açıb.

 

“Bu siyasət sərt tədbirlər həyata keçirilmədən, mədəniyyət, dil və digər komponentlər vasitəsilə regional və qlobal miqyasda ölkənin təsir imkanlarını genişləndirməkdən ibarətdir. Bu fərqli komponentlər ayrı-ayrı ölkələrdə öz şəbəkəsinin müəyyənləşdirilməsi, müxtəlif qeyri-hökumət təşkilatları, media resursları, siyasi partiyalar vasitəsilə həmin dövlətlərin siyasi hakimiyyətlərinə təsir formasında da özünü biruzə verə bilər. Yaxud iqtisadi layihələr çərçivəsində də bu üsuldan istifadə olunur.

 

Politoloq qeyd edir ki, “Yumşaq güc” siyasətində sərt təsir imkanları nəzərdə tutulmur.

 

“Sərt təsir deyəndə iqtisadi təzyiq nəzərdə tutulur. Eyni zamanda sərt təzyiqlər, hansısa dövlətə düşmən yaxud rəqib olan ölkələr, hərbi-siyasi təzyiqlər, beynəlxalq miqyasda ölkənin təklənməsində özünü göstərir. Amma “yumşaq güc” deyəndə bu nəzərdə tutulmur”.

 

Müsahib əlavə edib ki, “Yumşaq güc” enerji layihələrinin həyata keçirilməsi, Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki rolunun artırılması ilə təsir imkanlarının gücləndirilməsi, ermənistanla münasibətdə qarşı tərəfin kənarda qalması və s. nümunə ola bilər.

 

“Mədəniyyət faktoru isə Azərbaycan dili və mədəniyyəti vasitəsilə müxtəlif ölkələrin maraqları aspektindən özünü biruzə verir. Dünyada yaşayan müxtəlif azərbaycanlıların bir araya gətirilməsi, ortaq mədəniyyət, yaxud diaspor qurumları ilə öz fəaliyyətlərini ifadə etməsi belə yumşaq faktordur. Diaspor da yumşaq gücün elementlərindən biri hesab olunur”.

 

Elçin Mirzəbəyli düşünür ki, bu üsulların hər biri ali təhsil müəssisələrinin auditoriyalarında mühazirə oxunacaq mövzulardır.

 

Həcər Əmiraslanlı