BU GÜN ZƏNGİLAN ŞƏHƏRİ GÜNÜDÜR
Bölmə: Siyasət › ,Tarix: 17:08 20.10.2023
Çox uzaq olmayan tarixdə, XIX əsrin əvvəllərində Rusiya Qafqazı işğal etdikdən sonra yeni ərazi inzibati bölgə yaradıb. Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib. Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın da bu quberniyaya daxil edilib.
Bolşeviklərin köməyi ilə qədim Azərbaycan torpaqlarında ermənilər öz dövlətlərini qurublar və Zəngəzur qəzasını işğal ediblər. Bolşevik Rusiyasının köməyi ilə Zəngəzur Azərbaycandan alınaraq Ermənistana birləşdirilib. Nəticədə Zəngəzur qəzasının yuxarı hissəsi Ermənistana, Laçın, Qubadlı, Zəngilan bölgələri Azərbaycanın tərkibinə verilib.
Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən işğal edilən Zəngilanın ərazisində azərbaycanlılara məxsus onlarla tarixi, dini abidələr mövcud olub. Erməni vəhşiləri bütün qədim abidələri dağıdıblar. Rayon ərazisində qızıl, qara mərmər yataqları, əhəng xam malı və sair faydalı qazıntılar olub. Ermənilər bu yataqları qeyri-qanuni istismar edib, məhsullarını xarici dövlətlərə satıblar. Rayon ərazisindən keçən ölkəmizin ən böyük çaylarını ekoloji fəlakət səviyyəsinə çatdırıblar. 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət olan Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan ordusu tərəfindən işğal edilib. 45 mindən çox olan Zəngilan əhalisi məcbur olaraq respublikamızın 43 rayonunda məskunlaşdırlıb. Zəngilan Qubadlı, Cəbrayıl rayonları, eləcə də Araz çayı boyunca İranla həmsərhəddir. Zəngilan ərazisində olan XVII əsrə aid İmam Hüseyn məscidi də daxil olmaqla digər əsrlərə aid məscidlər, Xanazor və Yeməzli kəndlərindəki Alban kilsələri də ermənilər tərəfindən dağıdılıb. Həmçinin rayon ərazisində yerli sakinlərlə yanaşı bütün azərbaycanlılar üçün müqəddəs ziyarətgahlar da erməni vandallarının vəhşiliyinə məruz qalıb. Zəngilan ərazisi IX-XVI əsrlərə aid unikal tarixi memarlıq abidələri ilə də zəngin olub.
Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-dən başlayaraq Zəngilanın işğaldan azad edilməsi əməliyyatına başlayıb. Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunun yaşayış məntəqələrinin işğaldan azad edilməsi ordumuzun Zəngilan rayonunun ərazisində uğurlu hərbi əməliyyatlar keçirməsinə zəmin yaradıb. Zəngilan uğrunda döyüşlər Sərhəd Xidməti Qoşunlarının Komandanlığı altında aparılıb. 2020-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edərək Zəngilan rayonunun altı kəndi ilə yanaşı, Zəngilan şəhərinin də işğaldan azad edilməsi barədə xoş müjdə verib. 1 şəhər, 4 qəsəbə və 49 kənd işğaldan azad edilib. Işğal altında qalmış 132 kilometrlik sərhədlərimiz bərpa edilib.
2020-ci il noyabrın 26-da "Zəngilanın azad olunmasına görə" medalı təsis olundu. Prezident cənab İlham Əliyevin sərəncamları ilə 6972 hərbi qulluqçu "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Zəngilan coğrafi cəhətdən Azərbaycan üçün çox əhəmiyyətli bir ərazidə yerləşir. Zəngilanı Naxçıvandan ayıran 40 km lik Zəngəzur dəhlizidir. Bu dəhliz açıldıqdan sonra xalqımızın Azərbaycanın qədim torpağı olan Zəngəzura qayıdışı təmin ediləcək. Dəhlizin açılması ilə Zəngilanın Qərbi Zəngəzurla, daha sonra Naxçıvan və Türkiyə ilə birləşdirilməsi Azərbaycanın növbəti tarixi qələbəsi olacaq. Zəngəzur dəhlizinin açılması bölgə dövlətləri ilə yanaşı Şərq - Qərb nəqliyyat marşrutunun üzərində yerləşən bütün dövlətlərin iqtisadiyyatının yüksəldilməsinə böyük təkan verəcək.
Müharibə başa çatdıqdan sonra Zəngilanda böyük logistika layihələri həyata keçirilməyə başlanılıb. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu böyük strateji əhəmiyyətə malikdir. Zəngilanda inşa ediləcək hava limanı bu bölgəni beynəlxalq nəqliyyat logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. İşğaldan azad edilmiş bütün torpaqlarımızda sürətli şəkildə böyük quruculuq və abadlıq işləri aparılır. Artıq "Böyük Qayıdış" proqramı uğurla davam etdirilir. İlk pilot layihə Zəngilanın Ağalı kəndində reallaşıb. 200 evdən ibarət yeni Ağalı kəndi salınıb. Artıq Ağalı kəndinin sakinləri öz yurdlarına qayıdıblar. Zəngilan şəhərinin ilk sakinləri isə 2025-ci ilə qədər öz doğma evlərinə dönəcəklər. Burada əhalinin məşğulluğu ilə yanaşı bütün sosial xidmətlər yaradılmaqdadır. Heydər Əliyev Fondu tərəfindən Zəngilan məscidi bərpa olunmaqdadır. İşğaldan azad edildikdən sonra Prezident cənab İlham Əliyev 10 dəfə Zəngilana səfər edib. Ölkə başçımız bütün səfərlərində yeni müəssisələrin, yaşayış evlərinin və sosial obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edib. Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İşğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözü gedən Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri kimi müəyyən olunub.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı,
professor