Valideynlər və müəllimlər Azərbaycan xalqının necə mərd, igid bir xalq olduğunu daim övladlarımıza aşılamalıdırlar-deputat Kamilə Əliyeva
Bölmə: Siyasət › ,Tarix: 21:52 22.10.2023
Prezident cənab İlham Əliyevin həm şəxsiyyət, həm də dövlət başçısı kimi böyüklüyü ondadır ki, sadə vətəndaşlarla bir arada olur, onların ən kövrək anlarında belə duyğulanır. Bu ölkə başçımızın öz xalqını nə qədər ürəkdən sevdiyinin nümunəsidir. Prezidentimiz xalqımızın kədərli günündə də, şad günündə də onlarla birlikdə olur. Torpaqlarımız işğal altında olan zaman Prezident cənab İlham Əliyev keçmiş məcburi köçkünlərimizi tez-tez ziyarət edirdi və nəyin bahasına olursa olsun öz torpaqlarımızı qaytaracağımızı bildirirdi. Ölkə başçımız artıq işğaldan azad edilən torpaqlarımızda həmin şəhər və kəndlərimizin sakinləri ilə görüşür.
Prezident cənab İlham Əliyev "Füzuli şəhəri günü"ndə Füzuli şəhərinə köçürülən sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Yaşlı və orta nəslin nümayəndələri ilə bərabər gənc nəsil də sevinclə öz torpaqlarına qayıdırlar. Bu, xalqımızın öz torpağına bağlılığından, sevgisindən irəli gəlir. İşğal dövründə ermənilər və xaricdəki Azərbaycana düşmən olan qüvvələr güman edirdilər ki, vaxt uzandıqca gələn nəsil öz torpaqlarını unudacaq, geri dönmək istəməyəcəklər. Onlar unudurdular ki, Azərbaycan xalqı öz torpağına bağlıdır və lazım gələrsə, Vətən və torpaq uğrunda canlarından, qanlarından belə keçməyə hazırdılar.
Müharibə başa çatdıqdan dərhal sonra bütün şəhər və kəndlərimizin bərpası və yenidən qurulmasına başlanıldı. Füzuli şəhəri də təsdiqlənən Baş plana uyğun yenidən qurulur və görülən işlər göz oxşayır. Bu gün Füzulidə və digər şəhərlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarına uyğun aparılır.
Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilib. Xarici qonaqlar Füzuli və digər şəhərlərimizdə aparılan yenidənqurmanı yüksək qiymətləndiriblər və onlar ermənilərin bu ərazilərdə törətdikləri vəhşilikləri gözləri ilə görüblər. İşğal dövründə ermənilər bu ərazilərə xaricdən gələnləri buraxmırdılar, çünki şəhər və kəndlərimizi viran qoymuşdular. Füzuli şəhəri işğaldan azad olunanda Azərbaycan bayrağını sancmaq üçün bir dənə salamat bina tapılmayıb.
Evdə valideynlər, məktəbdə müəllimlər övladlarımıza Azərbaycan xalqının hansı çətinliklərlə üzləşdiyini, hansı sınaqlardan keçdiyini öyrətməlidirlər. Azərbaycan xalqının mərd, igid xalq olduğunu onlara aşılamalıdılar.
"Böyük Qayıdış" Proqramı qəbul olunub və uğurla icra olunur. Proqramın birinci mərhələsində, 2026-cı ilin sonuna 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə Qarabağ və Şərqi Zəngəzura 140 min insan köçürüləcək. Prezident cənab İlham Əliyevin müdrik, eyni zamanda qətiyyətli siyasəti nəticəsində torpaqlarımızı işğaldan azad etdik, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa edildi. Bu müqəddəs amal uğrunda şəhidlər verdik. Prezident, Ali Baş Komandan cənab İlham Əliyev hər zaman qazandığımız qələbəyə görə şəhidlərə minnətdar olduğumuzu bildirir və hər bir Azərbaycan vətəndaşına onların xatirəsini uca tutmağı tövsiyyə edir.
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor