"Fransa Ermənistanı yenidən müharibə aparmağa sövq edir" -AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 11:58 24.10.2023
Ötən gün Fransanın müdafiə nazirinin Ermənistanla ən yaxın zamanda silah sazişinin imzalanacağı barədə açıqlama verib. Bu məsələ ciddi narahatlıq doğurmağa başlayıb. Bəs bundan sonra hadisənin gedişatları necə davam edəcək? Bu haqda politoloq Elşad Həsənov İNFORMATOR.az-a açıqlama verib.
Politoloq Elşad Həsənov bildirib ki, Ermənistan son dövrlər həm 44 günlük müharibədə, həm də Azərbaycan ərazisi tam erməni qüvvələrindən təmizlənəndən sonra tam şəkildə Fransaya sıxınıb.
"Paşinyan özünü qərb yönümlü aparmağa çalışır. Həmçinin, Rusiyanın Qafqazdan sıxışdırılıb çıxarıldılması, o cümlədən Ermənistandan çıxarılması yönəlik siyasət aparır. Yəni, Ermənistan artıq Rusiyadan qopmağa çalışır. Buna onları sövq edən Fransadır. Müharibə ərzində Makron daim Ermənistanın tərəfində oldu. Fransa 28 il müddətində MİNSK qrupunun üzvü və həmsədri kimi daim Ermənistanı dəstəklədi. Bu müddət ərzində Azərbaycan və Ermənistan arasında görüşlər keçirsələr də, heç bir məsələ öz həllini tapmadı. 44 günlük müharibədən sonra da Fransa Ermənistanı dəstəkləməyə davam etdi. Bütün bunlara rəğmən Azərbaycan öz torpaqlarını erməni faşizmindən azad etdi və suverenliyini bərpa edə bildi".
Politoloq qeyd edib ki, Fransa Ermənistanı silah ilə təmin edərək münaqişə ocağını gərginləşdirmək istəyir.
"Fransa Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa çalışır və Ermənistanın rəhbərliyi də buna razılıq veriblər. Ona görə də müharibədən sonra Rusiya onlara heç bir silah vermir. Ermənistanın Müdafiə naziri Papikian Fransa həmkarı ilə Parisdə görüşlər keçirib. Görüşün əsas məqsədi Fransadan Ermənistan üçün müasir silahlar almaqdır. Buradan aydın olur ki, Fransa Ermənistanı silah ilə təmin edərək münaqişə ocağını gərginləşdirmək istəyir. Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tribunlardan dəfələrlə bəyanat verib və Fransanın iç üzünü açıb. Fransanın təşəbbüsü ilə Ermənistan ərazisində Avropa İttifaqının 100 nəfərdən ibarət missiyası var. Hətta onların sayını 400 nəfərə qaldırmaq istəyirlər. Bu onu göstərir ki, Fransa Ermənistanı silah ilə təmin edərək yenidən müharibə aparmağa şövq edirlər. Ancaq bizim isə məqsədimiz sülh müqaviləsinin bağlanmasına və Cənubi Qafqazda sülhə nail olmaqdır".
Fatimə Mustafayeva