''FƏLƏSTİNİN DÜŞÜNCƏSİZ ATDIĞI ADDIMLAR YENİ DÜNYA MÜHARİBƏSİ TƏHLÜKƏSİNİ YARADIR''-CÜMŞÜD NURİYEV

Bölmə: Siyasət › ,
Tarix: 22:29 24.10.2023

İsrail şərtlərini açıqlayıb: HƏMAS bütün girovları azad etsə və qeyd-şərtsiz təslim olarsa, İsrail Qəzza zolağında quru əməliyyatından imtina etməyə hazırdır.

 

 

Mövzu ilə bağlı politoloq Cümşüd Nuriyev informator.az-a açıqlamasında bildirib ki, İsrailin irəli sürdüyü şərtlərin arxasında İsrail dövlətinin sığortası yoxdur. HƏMAS dövlət deyil, Fələstini təmsil edən bir qurumdur. Bəzi dövlətlər onu terrorist qrup kimi qəbul edir. Əslində HƏMAS İranın nəzarətində olan hərbi siyasi təşkilatdır. Onlar öz aləmlərində terrorist deyillər, amma onlar da adam öldürürlər.

 

 

Politoloq deyir ki, Binyamin Netanyahu sözünün üstündə duran dövlət başçılarından deyil.

"Adam İsrail üçün də bir bəladır, necə ki zamanında Süleyman Dəmirəl Türkiyə üçün hakimiyyətə gəlib problemlər yaradıb. Netanyahu da eyni tipdə bir adamdır, odda yanmaz suda batmazdır. Onun da problemləri var, ona korrupsiya ilə bağlı cinayət işi açılıb, həbs oluna bilər. Hal-hazırda müharibənin bu şəkildə davam etməsi daha çox Netanyahunun maraqlarına uyğundur. Əgər İsrail Qəzzada quru əməliyyatlarına keçsə, uğur qazana bilməyəcək. Daha çox qan töküləcək, İsrailə qarşı Fələstin partizan müharibəsinə başlayacaq. Eyni zamanda onun şimal sərhədində Livanla problemləri yaşanacaq. Çünki Livanla Suriyanın sərhədləri dəqiqləşməyib. Görünən odur ki, Yetanyahu İsrailə daha çox problem yaratmağa çalışır.

 

 

Cümşüd Nuriyev deyir ki, Fələstin heç də lovğalanmasın ki, çox uğurlu bir əməliyyat keçirib, məncə, burada İsrailin bəzi dövlət adamlarının marağı olub.

"İsralin MOSSAD təşkilatı dünyada ikinci yerdə duran kəşfiyyat orqanıdır. Ola bilməz ki, 25 kilometr bir zolaqda proseslər getsin və ondan MOSSAD-ın xəbəri olmasın. Bir növ onlar ona şərait yaradıblar, İsrailin baş naziri də bu etirafı edib. Görünən odur ki, hadisələrin gedişi nə İsrailin xeyrinədir, nə də Fələstinin. Fələstin ümumiyyətlə qeyri-standart addımlar atan, olmuyan dövlətin arzusunda olanlardandır. İsrail də öz dövlətini 75 ildə möhkəmləndirən, formalaşdıran, qədim dövlətçilik ənənələrini özündə saxlayan bir dövlətdir. Burda qalib olmayacaq, amma müharibənin dayandırılması vacibdir.

Müsahibin sözlərinə görə, əgər Yetanyahu əl çəkməsə, Suriya, İran, Livan bu müharibəyə qoşulacaq.

"ABŞ Aralıq dənizində hərbi təyyarələrin olduğu gəmilərini orda elə-belə saxlamayıb. Yəni yaxın orta Şərqdə Fələstinin düşüncəsiz atdığı addımlar yeni dünya müharibəsi təhlükəsini yaradır."

 

AYNUR BABAYEVA