Zəngəzur ətrafında manipulyasiyalar aparmaq Ermənistanın ikiüzlülüyünün göstəricisidir-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 19:32 25.10.2023

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan öz çıxışında bir sıra ölkələrin Sünikdə (Zəngəzur) konsulluq açmaq istəyini dilə gətirib. O, yekun razılaşma olmadığı üçün həmin ölkələrin adını açıqlamayıb. Mirzoyan İranın artıq konsulluq açdığını, Fransanın belə bir niyyətinin olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Sünikdə Rusiya konsulluğunun açılması siyasi mesajlar ehtiva edir. Onun sözlərinə görə, İrəvan və Moskva bu məsələdə fəal əməkdaşlıq edirlər.

 

Məsələ ilə bağlı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov deyib ki, bu gün Zəngəzur ətrafında çirkli oyunlar həyata keçirilir. Ekspertin sözlərinə əsasən, İranın Qafanda konsulluq açmasından sonra Ermənistan özü də bir çox ölkələri buna təhrik etmək üçün çalışır.

 

“Hazırda Ermənistanın içərisində böyük bir qorxu var. Özü işğalçı dövlət olan, 30 il müddətində torpaqlarımızı öz əsarəti altında saxlayan Ermənistan bu gün həyasızcasına güya, Azərbaycan tərəfindən Zəngəzura hansısa təhdidlərin olması ilə bağlı görüntü yaratmağa çalışır. Buradan da, məlum olur ki, Ermənistan başqa ölkələri burada konsulluq açmaq məqsədi ilə təhrik edir”.

 

Tural İsmayılova qeyd edir ki, Ermənistanın öz ərazisinda hansı ölkələrin konsulluqlarının olmasının bizə heç bir aidiyyatı yoxdur.

 

“Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, onun beynəlxalq hüquqda Ermənistan ərazilərinə qarşı heç bir iddiası yoxdur. Buna görə də, Zəngəzur ətrafında manipulyasiyalar aparmaq Ermənistanın acizliyi və ikiüzlülüyünün göstəricisidir”.

 

Həcər Əmiraslanlı