Qarabağa qayıdış bütün dünyaya mesaj olsun ki, doğma torpağa münasibət necə olar-Hicran Hüseynova

Bölmə: Siyasət › ,
Tarix: 20:27 25.10.2023

“Bu gün 25 oktyabr Qubadlı şəhərinin işğaldan azad edilməsindən 3 il ötür. Cənab Prezidentimizin sərəncamına əsasən, rayonlarımızın azad edilmə tarixləri ölkəmizdə təntənə ilə qeyd edilir”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, Qubadlı şəhərinin işğaldan azad edilməsi bizim qələbəmizi xeyli yaxınlaşdırdı.

 

“44 günlük müharibə ərəfəsində Qubadlı rayonu uğrunda çox şiddətli döyüşlər gedirdi. Biz çox şəhid verdik, qazilərimiz oldu. Onların arasında əslən Qubadlıdan olan, Milli Qəhrəman-Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

 

Hicran Hüseynova qeyd edir ki, Müzəffər Azərbaycan ordusu Qubadlının azad edilməsindən sonra öz şərəfli missiyasını layiqli şəkildə davam etdirdi.

 

“Biz işğaldan azad edilən torpaqlarımızda, eləcə də, Qubadlıda yenidənqurma-abadlıq tədbirləri həyata keçiririk. Qarabağa yenidən həyat qayıdır. Demək olar ki, biz Qubadlıya əbədi qayıtdıq, Azərbaycan bayrağı isə bölgələrimizdə əbədi dalğalanacaq. Xüsusilə, Prezidentin Xocalıda, Xankəndidə Azərbaycan bayrağını dalğalandırması xalqımıza qarşı olan işğal siyasətinin nöqtəsi oldu”.

 

H.Hüseynova əlavə edir ki, torpaqlarımızın azad edilməsindən sonra, Birinci vitse-prezident Mehriban Əliyevanın təşkilatçılığı Qubadlıdan olan ziyalılar, şəhid ailələri ilə görüş baş tutdu.

 

“Daha sonra biz Qubadlıya səfər etdik. Cənab Prezidentin səyi nəticəsində biz öz ata-baba torpaqlarımıza yenidən qədəm qoyduq. Bu çox böyük bir qəhrəmanlığın nəticəsidir ki, o torpaqlar bu gün qayıdır. Bu qələbənin səbəbkarlarına biz əbədi borclu olacağıq”.

 

Komitə sədri eyni zamanda, dünyaya xalqımızın mesajını da çatdırıb.

 

“Bu gün Qarabağa qayıdan həyat bütün dünyaya mesajdır ki, işğal müddətində torpaqlarımızı nə günlərə qoydular, ərazilər hansı dağıntılara məruz qaldı. Amma bu qayıdış onlara mesaj olsun ki, gəlib-görsünlər ki, doğma torpağa münasibət necə olar”.

 

Müsahib deyir ki, bizə hər zaman irad tuturdular ki, "siz elə Qarabağ deyirsiniz, bəlkə cavanlarınızın marağı yoxdur bu ərazilərə?.."

 

“Amma bizim şəhid olan balalarımız, Azərbaycanın qəhrəman ordusu bir daha sübut etdi ki, torpaqdan pay olmaz, bizim oğullarımız həqiqətən də əsl vətənpərvər övladlardır. Bu döyüşlərdə, ağır günlərdə bütün milləti bir yumruq kimi ətrafında cəmləşdirən Cənab Prezidentin uğurlu siyasəti nəticəsində bu qələbəni əldə etdik”.

 

Həcər Əmiraslanlı