Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldəki görüş baş tutmayacaq

Bölmə: Siyasət › ,
Tarix: 20:53 26.10.2023

İNFORMATOR.AZ ARB 24-ə istinadən xəbər verir ki, Cənubi Qafqaz sülhün gələcəyi barədə mesajlar versə də, əsas məsələ bu prosesin arxa planında baş verənlərdir. Belə ki, əvvəlcə İranda "3+3" formatında görüş keçirilib. Bundan cəmi 1 gün sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıb. Bu danışığın ardınca Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının baş diplomatı Sergey Lavrov arasında təmas baş tutub.

 


Avropa İttifaqının nümayəndəsi Toivo Klaar Brüssel görüşünün keçirilməyəcəyini açıqlayandan sonra isə Kremlin sözçüsü Dmitri Peskov İrəvan və Bakı arasında sülh müqaviləsinin Moskvada müzakirəsinin mümkünlüyü barədə danışıb. Bəs hadisələrin bu ardıcıllıqla baş verməsi nəyə işarə edir?

 

 


Oktyabrın sonunda Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olmayacaq. Alyansın Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar bunun səbəbini vaxt darlığı ilə izah edib. Amma bu, daha çox Avropa platformasında görüşün reallaşdırılmamasının üzdə olan səbəbidir. Prosesin pərdəarxasında başqa məqamların olması isə istisna deyil. Xüsusilə, nəzərə alsaq ki, son dövrlərdə qərbin sülh müqaviləsini imzalamaq üçün geosiyasi dırnaqarası "yol xəritəsi" hazırladığından bəhs edilir, üstəlik bu xəritə Azərbaycanın təmsil olunmadığı Qranada müstəvisində razılaşdırılıb və bunun konkret nələrdən ibarət olduğu deyilmir, o zaman görüşün keçirilməməsi elə də təəccüblü görünmür. Eyni zamanda, hazırda əksər Avropa ölkəsində sülh təşəbbüskarları kimi qərb və Ermənistan göstərilir. Bu isə hazırkı reallıqlara uyğun deyil. Buradan belə aydın olur ki, Brüssel görüşünün taleyi elə Brüsselin özündən asılıdır. Onlar reallıqları nəzərə alsalar, növbəti dövrdə bu platformada təmaslar davam etdirilə bilər.

 

 

Siyasi şərhçi Mətin Məmmədli qeyd edir ki, "Ermənistan Azərbaycan arasında danışıqlar prosesində əsas vasitəçi tərəflərdən biri olub. Vasitəçilik edən tərəf olub və Azərbaycanda Avropa İttifaqının təşəbbüsü ilə reallaşdırılan danışıqlar prosesində fəal iştirak edib, ancaq son bir ayda Azərbaycanın sentyabrın 19-20-də Qarabağda antiterror tədbirlərindən sonra təəssüf ki, Avropa rəsmiləri vəziyyətə uyğun olmayan, reallıqlara uyğun olmayan, həqiqəti əks etdirməyən və öz vasitəçilik missiyalarına zərbə vura biləcək açıqlamalar, mövqe nümayiş etdirir və hesab edir ki, bu amil də görüşün baş tutmamasında böyük rol oynayıb".