Paşinyan öz dövlətinə müstəqil şəkildə rəhbərlik edə bilmədiyini etiraf etməlidir-XƏBƏRDARLIQ
Bölmə: Siyasət › ,Tarix: 17:44 27.10.2023
“Paşinyan hakimiyyətə gəldiyi gündən bu günə qədər daim təzadlı, ziddiyyətli fikirlər səsləndirir. Səsləndirdiyi fikirlərə isə hər zaman zidd addımlar atdığının şahidi olduq. Ona görə də Paşinyan yenə də hansısa maraqlara xidmət edən, müəyyən qüvvələrin təsiri ilə addımlar atır”.
Bu sözləri İnformator.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov söyləyib. Onun sözlərinə görə, Paşinyan bir tərəfdən Azərbaycanla sülh sazişinin imzalanmasına hazır olduğunu deyir, digər tərəfdən isə Ermənistanın silahlandırılmasını həyata keçirir.
“Eyni zamanda, Paşinyan Azərbaycanı etnik təmizləmə siyasətində də günahlandırır. Azərbaycana qarşı, Qarabağdan könüllü şəkildə çıxan insanların qaçqın və məcburi köçkün statusu ilə əlaqədar müəyyən fikirlər səsləndirir. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra, sələflərinin yeritdiyi siyasətin tam əks mövqesini nümayiş etdirdi”.
Xəyal Bəşirov deyir ki, Paşinyandan öncə hakimiyyətə gələnlər “Qarabağ Ermənistandır” ifadəsini işlətməyiblər.
“Bu ifadə tərzi Paşinyana məxsusdur. Eyni zamanda, o, Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürən hökumətdə təmsil olunur. Paşinyan 10 noyabr 2020-ci il tarixli bəyanata imza atıb, amma qeyd olunan bütün öhdəliklərindən boyun qaçırmağa cəhd göstərib”.
X.Bəşirov əlavə edir ki, Paşinyan bir tərəfdən Azərbaycan prezideti ilə üçtərəfli, dördtərəfli görüşlərdə iştirak edir, sonra isə ya bu görüşlər ərəfəsində, ya da görüş baş tutduqdan sonra təxribatlara əl atır.
“Paşinyan sülhə həqiqətən hazırlıq olduqlarını tam səmimi deyirsə, bu fikrini yürütdüyü siyasətində tam şəkildə doğrultmalıdır. Əks təqdirdə, biz Paşinyanın bu yalanlarına, qeyri-səmimi fikirlərinə inanmırıq. Hazırda top Ermənistan tərəfdədir və o bu sahədə addımlar atmalıdır. 3 il müddətində sülh sazişinin imzalanmamasının tək səbəbkarı Paşinyandır. Təbii ki, ona müəyyən müdaxilələr olunur. Amma bu ona heç bur əsas vermir ki, sülh müddəti uzansın”.
Politoloq düşünür ki, Paşinyan dövləti idarə edə bilmədiyini etiraf etməlidir.
“Paşinyan boynuna almalıdır ki, o öz dövlətinə müstəqil şəkildə rəhbərlik edə bilmir və kənar qüvvələr əsasında addımlar atır. Bu halda biz onu qəbul edərik ki, o, doğrudan da iradəsizdir. Nə qədər ki, Paşinyanın səsləndirdiyi fikirlər, verdiyi bəyanatlarla gördüyü işlər arasında ziddiyyətlər olacaq, bizim tam haqqımız çatır ki, ona inanmayaq”.
Həcər Əmiraslanlı