Ermənistan yürütdüyü yanlış siyasətlə yenə də oyundankənar qalacaq-Politoloq açıqladı
Bölmə: Siyasət › ,Tarix: 21:11 28.10.2023
“Dünyanın demək olar ki, bütün siyasi arenalarında müzakirələr beynəlxalq təşkilatlara etimad və etimadsızlığın icmalı ilə başlayır. Beynəlxalq təşkilatlara olan inamsızlıq, etimadsızlıq hətta dünyanın ən böyük siyasi platformasının kürsüsündən də səsləndirilir”.
Bu sözləri İnformator.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib. Politoloq deyir ki, belə bir vəziyyətdə regional təşkilatlar ön plana çıxır ki onlar da ilk növbədə inteqrasiyaya diqqət yetirirlər.
“Ticarət vasitəsilə inteqrasiya isə ölkələrin bu məqsədə nail ola biləcəyi ən təsirli yol kimi qiymətləndirilir. Məsələn, əsaslı şəkildə tarif maneələrinin aradan qaldırılması, regional tənzimləmələrdə çox diqqət tələb edən qeyri-tarif baryerlərinin davamlılığı son dərəcə vacib məsələdir. Uyğun vasitələr tətbiq edilib və əsaslı tədbirlər təklifləri irəli sürülərsə bütün bunlar ölkələrin ticari potensialını üzə çıxardar. Odur ki, ticarətin asanlaşdırılması regional təşkilatlar, əməkdaşlıqlar üçün əsas əhəmiyyət kəsb edir. Bütün bu aktual amillər müasir dünyanın reallıqlarıdır”.
Politoloq qeyd edir ki, Azərbaycan da modern çağın çağırışlarına proaktiv reaksiya verən dövlətdir.
“Hikmət Hacıyev bundan öncə də Logistik ehtiyaclarımızı Ermənistan hökumətinin şıltaqlıqlarına bağlamayacağıq” sözünü deyərək onu da əlavə edib ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etməsə alternativləri digər ölkələrlə dəyərləndirəcəyik. İnformasiya texnologiyaları və logistika da 21-ci əsrin ən mühüm strateji sektorları arasında yer alır. Logistika bu gün rəqabət üstünlüyünün ən əhəmiyyətli silahı olaraq qarşımızda dayanır və logistikanın demək olar ki, bütün sahələrinə qoyulan istənilən investisiya mikro səviyyədə regional inkişafa, makro miqyasda isə milli inkişafa kömək edir”.
Şəbnəm Həsənova düşünür ki, Logistika imkanlarının genişləndirilməsi Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycan üçün mühüm amildir.
“Bu, bir şəbəkədir ki toru bütün regionu bürüyəcək. Regional inkişafda logistikanın rolu və təsirlərinin miqyası, gətirdiyi iqtisadi və siyasi dividentlər də ucsuz-bucaqsızdır”.
Müsahib əlavə edir ki, Ermənistan yürütdüyü yanlış siyasətlə yenə də bu dividentlərdən məhrum və oyundankənar vəziyyətdə qalır.
“Azərbaycan Zəngəzur dəhlizinin açılmasından vazkeçmədi. Bunu bu cür interpretasiya edənlər də var ki, bunün özü də olduqca yanlışdır. Sadəcə xarici siyasət mexanizmlərində müxtəlif instrumentlər tətbiq olunur. Məsələn hədəfin qısa müddətdə ya uzun müddətdə reallaşdırılması, ya da ona vasitəli və ya vasitəsiz yollarla çatılması kimi. Görünür, Azərbaycan Ermənistanın dolayı yolla ağlını başına gətirəcək. Ermənistan regional əməkdaşlıqdan işğala görə, diktə siyasəti tətbiq etdiyinə görə özünü təcrid edib. Bir növ buna alışıb, bu məsələdə də ona başa düşdüyü dildə siyasət tətbiq olunacaq”.
Ş.Həsənova deyir ki, variantımız Ermənistan, ya da onların nazı ilə oynamaq deyil.
“Dünyaya da çıxışımız Zəngəzurdan başqa digər variantlarla çoxdan mövcuddur. Unutmayaq ki, Qələbəmizdə bizə əsaslı dividentlər verən elə dünya qovşaqlarına sözün hər mənasında çıxışımız idi. Digər tərəfdən də İranla yol çəkilirsə hansısa ərazi işğal olunmur ki. Eləcə də bu, Ermənistana praktiki olaraq göstərilir. Hikmət Hacıyevin açıqlamaları cəmiyyətin qorxu dolu şişkinliyini, köpünü də alacaq. Çünki Ermənistanı bu məsələdə həm də xoflandıran Qərb mediasında boyaboy tüğyan edən Azərbaycanın Ermənistan ərazisini işğala hazırlaşır başlıqlarıdır".
Politoloq sonda deyib ki, müştərək layihə münasibətlərdə önəmli rol oynayacaq.
“İstər İran-Azərbaycan, istərsə də Ermənistan-Azərbaycan arasında olacaq hər hansı bir müştərək layihə ya yol münaqişə, mübahisə, fikir ayrılığı riskini minimuma endirəcək. Sadə məntiqdir ki, ümumi iqtisadi maraqları olan tərəflər ortaq işə ziyan dəyməsindən qaçır”.
Nəzrin Mirzəyeva