"Azərbaycanın əsas məqsədi Ermənistan ilə problemlərin həllinə nail olmaqdır" -AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 16:54 29.10.2023

Ötən gün Gürcüstanda Azərbaycan və Ermənistan baş nazirləri arasında görüş olub. Əli Əsədov və Nikol Paşinyan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə görüşüblər. Bu görüşdən sonra iki ölkə arasında münasibətlər necə olacaq? Proseslərin necə davam edəcəyi ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov İnformator.az saytına açıqlama verib.

 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsinə qədər Gürcüstan vasitəsilə danışıqların aparılması və problemlərin region ölkələri arasında müzakirə edilərək həllini tapılmasına üstünlük verib.

 

"Azərbaycanın əsas məqsədi odur ki, Ermənistan ilə keçmiş münaqişənin tərəfdaşları kimi qarşılıqlı şəkildə masaya oturub problemlərin həllinə nail olsun. Təəssüflər olsun ki, Ermənistan tərəfi həmişə buna mane olmağa çalışır. Ermənistanın bu prosesdə qeyri-obyektiv və ədalətsiz yanaşmasından istifadə edən kənar qüvvələrdə bu prosesdə pozuculuq fəaliyyəti göstərirlər. Məsələn, Fransa kimi ölkələrin prosesə daxil olmaları öz məqsədlərinə xidmət etmiş olacaq. Fransa bu prosesdə öz istəyinə uyğun addımların atılmasına çalışır ki, bu da problemin həll olunmasına imkan vermir. İkinci Qarabağ müharibəsindən sonra proseslərin həlli Moskva Vaşinqton və Brüssel platforması üzərindən danışıqlar gedirdi".

 

Politoloq qeyd edib ki, Azərbaycan tərəfindən əsası qoyulan "üç üstəgəl üç formatı" üç region ölkəsi olan Azərbaycan, Gürcüstan və Ermənistan və digər üç ölkə Rusiya, Türkiyə və İrandan ibarətdir.

 

"Bu platforma məhz Prezident İlham Əliyev tərəfindən irəli sürülüb və bunun çərçivəsində Tehranda xarici nazirlərdən ibarət görüş də keçirilib. Əslində, bu da həmin məqsədə xidmət edir ki, region problemləri həmin ərazidə yerləşən qonşu ölkələr tərəfindən müzakirə edilməlidir. Kənar faktorlar isə bu prosesdə iştirak etməməlidir. Çünki onların bu prosesdə iştirakı problemin həllinə gətirib çıxarmır, əksinə prosesin uzanmasına səbəb olur. Məsələn, Avropa qitəsinə aid problemlərin həlli yalnız həmin qitəni qonşu ölkələri tərəfindən müzakirə edilir. Məhz Avropa qitəsinə aid olan problemlər digər qitələrdə həll edilməyəcək. Cənubi Qafqaz ölkəsi olaraq biz də problemlərimizi öz regionumuzda həll etməyə çalışırıq. Gürcüstan Azərbaycan üçün yaxın tərəfdaş, qonşu və region ölkəsidir. Həmçinin, Azərbaycana bütün layihələrdə dəstək verən ölkədir. Məhz Gürcüstanda problemlərin həll edilməsi bizim də maraqlarımıza uyğundur. Sadəcə burada Ermənistan tərəfi qərəzli, ədalətsiz və qeyri-səmimi yanaşdığı halda heç bir nəticə əldə etmək mümkün deyil. Hər bir halda Azərbaycan tərəfindən əsası qoyulmuş bu platforma və region ölkələri vasitəsilə bu problemlərin həllinə nail olmaq üzərəyik. Düşünürəm ki, gələcəkdə də müsbət nəticələrini görə bilərik".

 

Fatimə Mustafayeva