Bu gün Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi daha da artmaqdadır-Ombudsman
Bölmə: Siyasət › ,Tarix: 17:14 30.10.2023
“Etnik zəmində nifrət siyasətinin həyata keçirilməsi, nifrət nitqinin mövcudluğu ümumbəşər dəyərlərlə ziddiyyət təşkil etməkdədir. Bu cür mənfi hallar millətlər, dövlətlər arasında münaqişələrin baş verməsinə gətirib çıxarır, cəmiyyətdə hüquq bərabərliyinin təmini məsələsinə maneə yaradır”.
İnformator.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatında deyib.
"Azərbaycan torpaqlarının işğaldan azad olunması dövründə Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç bir mülki obyekt və mülki əhali hədəfə alınmayıb. Həmin döyüşlər zamanı Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif yollarla hədəf yayındırmağa çalışaraq mülki əhaliyə, o cümlədən jurnalistlərə, din xadimlərinə və hətta uşaqlara hərbi geyimlər və silahlar verilib”.
Ombudsman deyib ki, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları, bu ölkənin siyasi rəhbərliyinin bölgədəki digər millətlərə qarşı formalaşdırdığı nifrət ideologiyası etnik təmizləmə və işğalçılıq siyasəti ilə müşayiət edilib.
“Bu gün sosial şəbəkələrdə və rəqəmsal mediada Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi daha da artmaqdadır”.
Səbinə Əliyeva qeyd edib ki, etnik zəmində nifrət siyasətinin həyata keçirilməsi, nifrət nitqinin mövcudluğu ümumbəşər dəyərlərlə ziddiyyət təşkil etməkdədir.
“Bu cür mənfi hallar millətlər, dövlətlər arasında münaqişələrin baş verməsinə gətirib çıxarır, cəmiyyətdə hüquq bərabərliyinin təmini məsələsinə maneə yaradır. Hazırda sosial şəbəkələrdə, internet saytlarda davamlı olaraq azərbaycanlıları hədələyən açıqlamaların verilməsi, onlara münasibətdə aqressiv və insan ləyaqətini alçaldan ifadələrin işlənməsi, etnik zəmində nifrətin təşviq edilməsi məhz uzun illərdir Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış dözümsüzlük siyasətinin daha bir təzahürüdür”.
Həcər Əmiraslanlı