“Nifrət nitqi” qanlı terror əməllərinə və əbədi savaşlara səbəb olur-Zahid Oruc

Bölmə: Siyasət › ,
Tarix: 18:50 30.10.2023

“Nifrət nitqi” yalnız tribunlardan, kitablardan, efirdən, mətbu orqanlardan səslənməklə məhdudlaşıb qalmır, sonra dağıdıcı qüvvələrin əlində gerçək qırğın aktlarına, qanlı terror əməllərinə və əbədi savaşlara səbəb olur”.

 

İnformator.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc oktyabrın 30-da "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı keçirilən konfransda söyləyib.

 

Zahid Oruc qeyd edib ki, xalqımıza qarşı həyata keçirilən belə nifrət cinayətlərinin ən böyüyü 7 rayonun yer üzündən silinməsidir: Əks halda sual olunur: ”bir dövlət özününkü saydığı torpaqlarda əsrlərlə yaradılan maddi-mədəni sərvətləri niyə dağıtsın ki?” Göründüyü kimi, "nifrət nitqləri və cinayətləri" siyasətə çevrilməklə, dövlət idarəçiliyinin ən yüksək səviyyəsinə daşınmaqla təkcə fərdlərə deyil, bütöv xalqlara və regionlara təhlükə gətirir. Gəlin, bir neçə gerçək nümunəyə baxaq”.

 

“Məsələn, on illər ərzində türk məfhumunu “düşmən” sözünün sinonimi kimi tirajlayanlar məişətdən dövlət səviyyəsinə qədər bir-biri ilə o dildə danışıblar. Əlbəttə, ailə tərbiyəsinin kanonları burada mühüm rol oynayır. Ermənistan Baş nazirinin etirafı ictimai leksikonun və siyasi məfkurənin nə qədər zəhərləndiyini göstərir. Paşinyandan sitat:” mənə “türk nikol” deyirlər. Lakin mən bunu təhqir saymıram”. Göründüyü kimi, şüurlara əkilən zərərli toxumlar təkcə Türkiyə və Azərbaycana deyil, elə ermənilərin özünə də zərbə vurur”,- o qeyd edib.

 

Z.Oruc əlavə edib ki;

 

“İşğal dövründə internet platformalarında ermənilərin azərbaycanlılara yönəltdiyi aşağılayıcı diskurslar - “döyüşməyi bacarmayan alverçilər”, “köçəri millət”, “primitiv köçərilər” və sair epitetlər daşlaşmış zehinlərin göstəricisi idi, çünki müharibə tam fərqli gerçəkliyi - 100 minlərlə qəhrəman azərbaycanlı obrazını ortaya qoydu”.

 

Həcər Əmiraslanlı