Azərbaycan ərazisindəki sülhməramlılar öz qərarları ilə vətənlərinə dönəcəklər-Millət vəkili detalları açıqladı
Bölmə: Siyasət › ,Tarix: 19:55 30.10.2023
Bildiyimiz kimi, öncədən açıqlanan rəsmi məlumatlara görə, Qarabağdakı rus sülhməramlılarına məxsus bir neçə post ləğv edilib. Bir neçə gündür mediada yayılan görüntülərə əsasən, sülhməramlılara məxsus texnikalar Azərbaycan ərazisini tərk edir.
Milli Məclisin üzvü Razi Nurullayev məsələ ilə bağlı informator.az-a açıqlama edib.
Deputat sözügedən məsələ ilə bağlı mediada yayılan görüntüləri gördüyünü qeyd edib və əlavə edib ki, artıq Azərbaycan öz ərazisində suverenliyini tətbiq edib, ərazi bütövlüyünü təmin edib.
"Orada yaşamaq istəməyən seperatçılar Azərbaycanı tərk ediblər. Kimlər qalmaq istəyirsə, Azərbaycan dövləti öz Konstitusiyası ilə onları qoruyur. Sülhməramlıların isə Azərbaycanla olan müqavilələri 2025-ci ilə qədərdir. Bu danışıqlar Azərbaycanın əlaqədar qurumları ilə Rusiya arasındakı çərçivədə aparılır. Burada nələrdən danışıldığından xəbərdar olmasam da, əgər bu gün rus sülhməramlıları öz texnikalarını çıxarırlarsa, demək ki, müəyyən razılaşmalar var”.
Millət vəkili düşünür ki, sülhməramlıların Qarabağ bölgəsini nə vaxt tamamilə tərk edəcəkləri ilə bağlı əlaqədar dövlət orqanları məlumat verəcək.
"Bu gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisində edəcəkləri missiyaları yoxdursa, Azərbaycan tərəfi onların həyata keçirdiyi fəaliyyəti müstəqil yerinə yetirə bilirsə, qarşılıqlı razılaşma varsa, demək ki, onların Azərbaycan ərazisində qalmaları üçün hər hansı bir motivasiyası olmamalıdır”.
R.Nurullayev sonda deyib ki;
“Ümid edək ki, hər bir məsələ qanunlar, razılaşmalar və qarşılıqlı anlaşma şəraitində baş verəcək. Artıq Azərbaycan ərazisindəki sülhməramlılar öz qərarları ilə vətənlərinə dönəcəklər".
Nəzrin Mirzəyeva