Sonradan gəlib özlərini həyasızlıqla Azərbaycan torpaqlarının sahibi kimi aparanları biz qəbul etməyəcəyik-Politoloqdan etiraz
Bölmə: Siyasət › ,Tarix: 20:15 30.10.2023
Ermənistan hakimiyyəti Qarabağdan qayıdan ermənilərə vətəndaşlıq yox, "qaçqın statusu" verir. Ermənistanın hədəfi nədir? Bəs ermənilər Azərbaycana qayıdanda hansı şərtlərlə geri qayıtmalıdır?
Mövzu ilə bağlı politoloq Cümşüd Nuriyev informator.az-a açıqlamasında bildirib ki, əslində ermənilərin burda uzağa gedən bir oyunu var.
"Bunlar qaçqın statusu verməklə Qarabağın keçmiş Dağlıq Qarabağ kimi Ermənistana məxsus olduğunu bildirir. Əgər orda onların doğulduğu yeri Dağlıq Qarabağ kimi yazırlarsa, bu bir az təhlükəli meyildir. Yəni bir növ Azərbaycanın ərazisini iddia məsələsi gündəmə gəlir. Amma eyni zamanda Fransa bəyan etdi ki, Qarabağdan çıxan ermənilərə vətəndaşlıq verir. Burdan qaçqın statusunu onlar ola bilər onun üçün alırlar ki, onları Avropa qaçqın kimi qəbul etsin və Fransada yerləşsinlər”.
Politoloq qeyd edir ki, bütün hallarda onların Azərbaycana qayıtma şərtləri var, Azərbaycan prezidenti bunu bəyan edib.
"Onlar əgər Azərbaycan vətəndaşlarının qanına əllərini bulamayıblarsa, və Azərbaycanın əvvəl vətəndaşı olublarsa, Azərbaycan yenidən onları qəbul etməyə hazırdır. Bizim ermənilərlə bağlı hər hansı bir problemimiz yoxdur”.
Cümşüd Nuriyev deyir ki, o separatçılardan söhbət gedirki, Suriyadan, İrandan, İraqdan, Livandan sonradan gəlib özlərini həyasızlıqla Azərbaycanın torpaqlarının sahibi kimi aparanları təbii ki biz qəbul etməyəcəyik.
"Amma bütün hallarda hər hansı bir sənəddə bunlara qaçqın statusu verilməsi ilə bağlı Azərbaycan inanmıram ki, razılıq versin. Çünki bunların qaçqın statusu hansı hüquqi müstəvidə verildiyini bəyan etmirlər. Ona görə də düzdü onlar başqa Respublikadan gəlirlər ora, amma biri var Azərbaycan vətəndaşı kimi yazalar, biri də var Dağlıq Qarabağ vətəndaşı. Bunlar fərqlidirlər”.
Aynur Babayeva