Ermənistan siyasi cığallığını davam etdirdiyi müddətdə sülh sazişi baş tutmayacaq-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 19:04 31.10.2023

“Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlayaraq, 2020-ci il 10 noyabr tarixli bəyanatına riayət etmir. Kəndlərin adı yazılmasa da, biz Ermənistanla birgə qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demarkasiyası ilə əlaqədar bir razılığa gəldik. Ermənistan özü isə 6 oktyabr 2022-ci ildə Avropa Siyasi Birliyinin Çexiyanın Praqa şəhərində keçirilən ilk zirvə toplantısı zamanı, Azərbaycanın ərazi bütövlüyünü Almatı Bəyannaməsi və BMT Nizamnaməsi çərçivəsində tanıdığını dilə gətirdi. Həmin fikirlərin ehtiva olunduğu bəyanatı isə rəsmi olaraq 31 oktyabr 2022-ci il də Soçidə imzalayaraq, üzərinə öhdəlik götürdü. Almatı bəyannaməsində qeyd olunurdu ki, tərəflər arasında sərhədlər müəyyənləşəcəksə, bu halda Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi Azərbaycanın nəzarəti altında olmalıdır. Çünki bu ərazilər Azərbaycanın tarixi kəndləridir”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov söyləyib. Onun sözlərinə görə, Ermənistan II Qarabağ Müharibəsindən, yəni, kapitulyasiyaya uğradıqdan sonra daim sülh tərəfdarı olduğunu bəyan edir.

 

“Amma təəssüf ki, Ermənistanın sülh tərəfdarı olmasının sözdə və fikirlərdə şahidi oluruq, real əməldə deyil. Real əməldə bunun şahidi olmadıqca sülh prosesindən söhbət gedə bilməz. Qarabağda apardığımız antiterror əməliyyatlarından sonra iki tərəfdə də vəziyyət dəyişdi. Ermənistan tərəfinin meylləri və mövqeyində də bir çox dəyişikliklər qeydə alınır”.

 

Xəyal Bəşirov düşünür ki, Azərbaycan tərəfinin törədilən təxribat addımlarına layiqli cavab verməsindən sonra, Ermənistan anlayır ki, Azərbaycanla zarafat etmək olmaz.

 

“Eyni zamanda, II Qarabağ Müharibəsindən sonra, Ermənistanın bütün təxribatçı addımlarına qarşı, Azərbaycan tərəfi layiqli cavab verdi. Dəmir yumruğun zərbəsi nəticəsində Ermənistan başa düşüb ki, Azərbaycanla bu dildə danışmaq çox təhlükəlidir. Təbii ki, hal belə olduqda isə Ermənistan tərəfi sülh sazişi imzalamağa hazır olduğunu bəyan edir”.

 

Politoloq qeyd edir ki, Ermənistan sülhü imzalamağa 3 əsas prinsip çərçivəsində hazır olduğunu bildirib.

 

“Bunlardan birincisi, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasıdır. İkinci prinsip Almaatı bəyannaməsi əsasında sərhədlərin delimitasiyasıdır. Üçüncü prinsip isə regional kommunikasiyaların qarşılıqlı şəkildə açılmasıdır”.

 

X.Bəşirovun sözlərinə görə, bu prinsiplərin bu gün müzakirə edilməsinin tək səbəbkarı Ermənistandır.

 

“Ermənistanın zamanında yeritdiyi düşmənçilik siyasətinin nəticəsində Azərbaycanın ərazi bütövlü pozuldu, sərhədlərin delimitasiya və demarkasiyası proseslərini zəruri hal almağa başladı, regiondakı nəqliyyat-iqtisadi kommunikasiyalar iflic vəziyyətinə düşdü. Bu proses bu gün nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması məsələsini gündəmə gətirib”.

 

X.Bəşirov deyir ki, bu gün Azərbaycana qarşı ərazi bütövlüyünün tanınması, nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin həyata keçirilməsi ilə bağlı, Azərbaycanı razılığa gətirməyə ehtiyac yoxdur.

 

“Çünki Azərbaycan qarşı tərəfə dair ərazi iddiası irəli sürməyib. Qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasından söhbət gedirsə, bu halda Ermənistan pozduğu ərazi bütövlüyünü tanımaqla əlaqədar real addımlar atmalıdır. Sadəcə, fikirlər səsləndirməməlidir. Eyni zamanda, Almatı bəyannaməsi çərçivəsində sərhədlərin delimitasiya və demarkasiyası proseslərin həyata keçirilməsinə Azərbaycan dəfələrlə təşəbbüs göstərib. Azərbaycan Rusiya formatında Birgə Sərhəd Komissiyası yaratmağa nail oldu, nazir müavinləri səviyyəsində görüş belə baş tutdu”.

 

Xəyal Bəşirov əlavə edir ki, Azərbaycan bu gün nəqliyyat kommunikasiyanın bərpa edilməsi ilə bağlı ciddi addımlar atıb.

 

“3 ilə yaxın müddətdə, işğaldan azad edilən ərazilərdə biz beynəlxalq standartlara cavab verən avtomobil yolları, dəmir yolları, tunellər, körpülər, hava limanı inşa etdik. Ermənistan heç bir öhdəliyini yerinə yetirmir, təkcə sözdə sülhə razıdır”.

 

Müsahib sonda qeyd edib ki, sülh Azərbaycandan çox Ermənistana sülh lazımdır.

 

“Təəssüf ki, qalib tərəf olsaq da, elə nümayiş göstərdik ki, sülhə ehtiyac olan bizik. Düşünürım ki, Ermənistan “siyasi cığallığını” davam etdirdiyi müddətdə sülh sazişi baş tutmayacaq”.

 

Həcər Əmiraslanlı