Jurnalistika fakültəsinin tələbələri Zəfər Günündən nələri xatırlayırlar?
Bölmə: Sosial › , Araşdırma › ,Tarix: 15:58 03.11.2023
Azərbaycanın şanlı qələbəsinin carçısı olan 8 noyabr- Zəfər Gününə sayılı günlər qalıb. Bununla əlaqədar ölkənin bir çox yerlərində Zəfər Gününə həsr edilmiş tədbirlər keçirilir, tarixə möhür vuran bu qələbənin səbəbkarları xatırlanır.
Elə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri də informator.az-a Zəfər Günümüzdən, həmin tarixdən xatırladıqları məqamlar barədə danışdılar.
Əsgər İsmayılov:
"Jurnalistika fakültəsinin professoru, mərhum Şirməmməd Hüseynov deyirdi ki, körpə yatanda, millət oyaq olanda böyüyür. Bu mənada Rəsul Rza da qeyd edirdi: "Zəfər çaldım, boy atdım, yer üzündə milyonları oyatdım".
Həqiqətən də 27 sentyabr, 2020-ci il tarixi Azərbaycan xalqının "Dəmir Yumruq" şəklində birləşdiyi, oyandığı bir tarixdir. Azərbaycan bu tarixdən etibarən təqribən bir qərinə qədər işğal altında qalmış torpaqlarını azad etmiş oldu.
Azərbaycan ordusu, xalqı və Ali Baş Komandan "Dəmir Yumruq" olmağı bacardı. Beləliklə, Azərbaycan öz istiqlaliyyətini əldə etmiş oldu. Bu istiqlaliyyət həm də Qafqazda, bu regionda var olan, öz varlığını təmin etməyə çalışan terrorçu qüvvələrin başını əzdi.
İlham Əliyev həm də ustad dərsi keçmiş oldu. O, xarici media qurumuna verdiyi müsahibəsində qeyd etdi ki, Azərbaycan torpağı heç zaman bölünməyəcək, bötöv olacaq.
Müharibədən öncə də dəfələrlə "Qarabağ Azərbaycandır və nida" ifadəsini vurğuladı. Almaniyalı jurnalistin "Nə üçün Qarabağ sizə lazımdır?" sualına Cənab Prezident İlham Əliyev "Bavariya, Elzas və Lotarangiya sizə nə üçün lazımdır?" ifadəsi ilə cavab verdi. Bu bütün dünyaya Azərbaycan mediasının gücünü, haqq sözünü, haqqın 44 gündə qələbəsini çatdırmış oldu".
Amin Həsənli:
"2020-ci il, 8 noyabr sabahına Şuşanın azad olunduğu xəbərilə başlamaq çox sevindirici hal idi.
Şuşa bizim mədəniyyət beşiyimiz olduğundan onun azadlığı, həm də mədəniyyətimizin azadlığa qovuşması demək idi.
Azərbaycan xalqı üçün Şuşa həm bugünümüz, həm də keçmişimiz, yəni tariximiz üçün böyük əhəmiyyətə malik şəhərimizdir. Şuşanın azadlığı ilə Azərbaycan ordusunun qələbəsi təsdiqini tapdı. Xalqımız üçün çox qürurverici məqamdır ki, qələbəmizdən 2 gün sonra-10 noyabrda Üçtərəfli Bəyannamə ilə Ermənistan kapitulyasiya imzalamağa məcbur oldu".
Elmir Heydərli:
"8 noyabr hər bir azərbaycanlı üçün şərəfli tarixdir. Əlbəttə ki, bu zəfər yaddaşımda silinməz iz qoyub.
2020-ci ildə Prezident İlham Əliyevin Şəhidlər Xiyabanından çıxışı zamanı Şuşanın işğaldan azad olduğunu eşidəndə mən göz yaşlarımı saxlaya bilməmişdim. Və bundan sonra-Şuşanın azadlığı ilə artıq əmin idim ki, məsələ həll olundu. Bu mənim üçün çox qürurlu və şərəfli bir gün idi. Onu da qeyd edim ki, mən əminəm, biz Azərbaycan xalqı olaraq hərbi yox, sülh yolu ilə Qərbi Azərbaycandakı dədə-baba torpaqlarımıza da qayıdaraq oraları da dirçəldəcəyik".
Nuran Əhmədzadə:
"Atam Birinci Qarabağ Müharibəsi iştirakçısı, əmim Birinci Qarabağ Müharibəsi şəhididir. Məhz bu səbəbdən qələbəmizə doğru addımladığımız o 44 günün yeri məndə tamamilə fərqli idi. Həm də uşaqlıqdan bəri ata və anam müharibə dövründə yaşadıqları çətinliklər barədə mənə danışırdılar. Ailəm və mən həmişə müharibə adı eşidəndə ən az 2-3 il davam edəcəyi barədə düşünür, narahat olurduq.
Anam həmişə deyir: "Mən gedən torpaqların kədərini, siz isə qayıdan torpaqların sevincini yaşadınız. Buna görə də şanslısınız".
Həqiqətən, bu baxımdan özümü çox şanslı və xoşbəxt hiss edirəm.
Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı arzulayıram. Onları böyüdən anaların da əllərindən öpürəm".
Namiq Atamalıyev:
"Azərbaycan xalqı uzun illər boyu Qarabağ həsrəti ilə yaşayıb. Bu baxımdan 8 noyabr-Şuşanın azadlığa qovuşduğu gün hər bir azərbaycanlı üçün böyük məna kəsb edir.
27 sentyabrdan 8 noyabra doğru irəlilədiyimiz bir vaxtda Azərbaycan ordusu ancaq zəfər xəbərləri ilə gəlirdi. Həmin vaxtda Ermənistan ordusu yalan məlumatlarla çıxış edib guya özlərinin "geriçəkilmə" əməliyyatı etdiklərini, bundan sonra çox güclü şəkildə hücuma başlayacaqlarını, öz tanklarını Bakıda sürəcəklərini demişdilər. Bəli, o gün çatdı ki, Ermənistan ordusunun tankları artıq Bakıda idi. Lakin Azərbaycan ordusunun şücaəti sayəsində o tankları artıq ermənilər sürmürdülər və tanklar "Hərbi Qənimətlər Parkı"na gətirilirdi.
Ermənilər onu da deyirdilər ki, biz Bakıda çay içəcəyik. Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində vurğuladı ki, ermənilər, həqiqətən, Bakıda çay içmək istəyirdilər və bu istəklərinə nail oldular. Bəli, məğlub ermənilər hazırda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) şöbəsində rahatlıqla çay içə bilirlər".
Məryəm Abdullazadə