Türk lirəsinin ucuzlaşması Azərbaycana necə təsir göstərəcək?-AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:45 07.11.2023

"Türk Lirəsinin (TL) dəyərsizləşməsi müəyyən müddət sonra qiymətlərin bahalaşmasına gətirib çıxararacaq".

 

Bu sözləri İnformator.az-a açıqlamasında iqtisadçı - ekspert Rəşad Həsənov söyləyib. Ekspert, Türk Lirəsinin ucuzlaşması Azərbaycanın xeyrinədirmi? sualına münasibətində bildirib ki, bunun birmənalı cavabı yoxdur.

 

“Çünki burada müxtəlif maraq dairələri özünü göstərir. Biz vətəndaş aspektindən yanaşsaq, qısamüddətli dövrdə vətəndaşlar üçün əlverişli şərait yaranır. Çünki vətəndaşlar onlayn platformalar üzərindən, yaxud səyahət etdikləri zaman Türkiyədən istehlak etdikləri mal və xidmətləri daha ucuz qiymətə ala bilirlər. Bu da onların büdcələrindən səmərəli istifadə etməsinə əlverişli şərait yaradır".

 

Ekspert qeyd edir ki, bu hal sahibkarların mənfəət normalarını artırmaq üçün imkanlar yaradır.

 

"Ortamüddətli dövrdə bəzi məhsullar var ki, o məhsullar Azərbaycana Türkiyədən idxal olunur. Bu məhsulların da qiymətləri bazarın digər şərtlərindən asılı olaraq, ucuzlaşa bilir. Bu hal isə ümumi olaraq Azərbaycana istehlakçı aspektindən əlavə faydalanma imkanı yaradır”.

 

Rəşad Həsənov düşünür ki, Türkiyədən məhsul idxal edən sahibkarlar üçün də qısamüddətli dövrdə mənfəət normasını artırmaq üçün imkanlar yaranır.

 

“Uzunmüddətli dövrdə müəyyən səbəblərdən bu imkanlar aradan qalxa bilər. Birincisi, Türkiyənin özündə sürətli infilyasiya gedir və TL'nin dəyərsizləşməsi müəyyən müddətdən sonra qiymətlərin bahalaşmasına gətirib çıxararaq bu imkanları əldən alır. İkincisi isə bəzən rəqabətli şəraitdə şirkətlər daxili bazarda həmin məhsulları daha ucuz qiymətə satırlar, bu da qısamüddətli dövrdə əldə edilən əlavə mənfəət imkanlarını nisbətən məhdudlaşdırır”.

 

Ekspertin sözlərinə görə, bu hal istənilən halda idxalçılar üçün əlverişli şərait yaradır.

 

“Dövlət aspektindən baxanda isə düşünürəm ki, dövlət prosesdən o qədər də faydalana bilmir. Çünki bu kimi hallarda fiziki şəxslərin onlayn platformalar üzərindən istehlakı artır, bu bir tərəfdən rüsumsuz, gömrüksüz malların ölkəyə daxil olmasına ölkədə pərakəndə dövriyyənin azalmasına və vergi bazasının kiçilməsinə gətirib çıxararaq gözləntiləri zəiflədir. İkinci tərəfdən bu istiqamətdə təsirlər, xüsusilə də Türkiyədən turizm xidmətlərini istifadə edərək vətəndaşların xaricə səfərləri rol oynayır ki, onlar da Türkiyəyə səfər etdiyi halda ölkəyə valyuta axını olur”.

 

İqtisadçı-ekspert qeyd edir ki, bu akspetkləri nəzərə alsaq, dövlət üçün vəziyyət bu şərtlər daxilində o qədər də əlverişli olmur. Onun sözlərinə görə, TL-nin ucuzlaşması Azərbaycan məhsullarının Türkiyə bazarında rəqabət aparmaq imkanını zəiflədir.

 

"Yerli istehsalçılar ve ixracatçıları baxımından TL-nin ucuzlaşması əlverişli deyil. Azərbaycan məhsullarının Türkiyə bazarında rəqabət aparmaq imkanını çətinləşdirir. Nəinki Türkiyə, hətta eynitəyinatlı məhsulların Azərbaycan bazarında belə rəqabət aparması imkanını məhdudlaşdırır. Çünki Azərbaycanda istehsal olunan məhsulların maya dəyəri manatla formalaşır və manatın məzənnəsi dollara münasibətdə digər valyutaların çarpaz yolla məzənnəsinin təzahürü olduğu və faktiki olaraq Azərbaycanda istehlak olunan məhsullar Türkiyədə istehlak olunan məhsullardan baha başa gəldiyi üçün həm ixracatçılar həmdə yerli bazara məhsul istehsal edənlər çətinliklə və hətta müəyyən itkilərlə də üz-üzə qalırlar".

 

Aydan İsayeva