Hər gün qalstuklarını da vurub gedirlər işə, amma...-İqtisadçı etiraz etdi

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:15 07.11.2023

"Dövlət Məşğulluq İdarəsində 250 mindən çox insan qeydiyyatdadır. Bu balaca rəqəm deyil və onu göstərir ki, əmək qabiliyyətli əhalinin əhəmiyyətli hissəsi yəni, 6-7%-i demək olar ki, işsizdir”.

 

Bu sözləri informator.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli söyləyib. İqtisadçı işsizliyin səbəblərini iqtisadiyyatımızın qeyri-neft sektorunun çox az olması, zəif inkişaf etməsi, ümumiyyətlə əmək haqlarının aşağı olmasında görür.

 

"Azərbaycan iqtisadiyyatının əsasında neft-qaz durur. Nefti yerin altından əcnəbilər, ingilislər çıxarır və Avropaya satırlar. Buradan pul gəlir, Neft fonduna yığılır, oradan büdcəyə qoyuruq və xərcləyirik. Bizim iqtisadiyyatımızın strukturu budur”.

 

Xalid Kərimli deyir ki, ixracatımızın 92-93%-i neft-qazdan gəlir. İqtisadiyyatın da 1/3-i neft-qaz sektorundadır. Və bu digər hissədə təbii ki, neft-qaz xərcləmələrindən bir başa asılıdır.

 

"Neft-qaz-da zaman-zaman statistika elan edilir və ölkə iqtisadiyyatının 1/3-i, ixracın 92-93%-ni verən sektorda zaman-zaman 60-70 min adamın işlədiyinə dair statistik məlumatlar olur. Burda əsas məsələ bundan ibarətdir ki, iqtisadiyyatımız zəifdir”.

 

Müsahib bildirib ki, Neft-qaz sektoru yaxşı valyuta gəliri gətirsə də, çoxlu iş yeri vermir, yəni məhdud iş yeri təmin edir.

 

"Burda təbii ki, iqtisadiyyatın inkişaf etdirilməsi üçün tədbirlər həyata keçirilməlidir. Bu sahə üzrə çalışanlar, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi elə hökumətin özü və bu kimi digər qurumlar da bu məsələ üzərində çalışmalıdır. Bu qurumların minlərlə işçiləri var, yaxşı da əməkhaqları var, qalstuklarını da hər gün vurub işə gedirlər. Amma görünən odur ki, ya səlahiyyətləri yoxdur, ya istəkləri yoxdur, ya da bacarmırlar”.

 

Xalid Kərimli eyni zamanda qeyd edib ki, iqtisadiyyatda baxmayaraq ki, son 10-15 ildə biz qeyri-neft sektorunun inkişaf etdirilməsi zəruriliyindən danışırıq, amma daha çox spontan, epizodik bir-iki addım atırlar və sistemli ardıcıl kompleks addımlar atılmır.

 

"Əslində hökumət həm rəqabət mühitinin, həm investisiya mühitinin yaxşılaşdırılması üçün addımlar atmalıdır. Dövlət sektorunun mümkün qədər payını azaltmalıdır ki, özəl sektor daha geniş və azad fəaliyyətə malik olsunlar”.

 

İqtisadçı işsizliklə bağlı əziyyət çəkən insanların vaxtilə peşələrini doğru seçməməsi ilə razılaşmır, əsil səbəbi təhsilin keyfiyyətində görür.

 

"Azərbaycanda təhsilin səviyyəsi belədir ki, hansı ixtisası seçirsən, seç çox cüzi hissəsi özünün hansısa istedadı , bacarıqları sayəsində yaxşı təhsil ala bilirlər. Amma ümumi ölkəmizin təhsil səviyyəsi onu göstərir ki, düzgün ixtisas seçilməsi yox, verilən təhsilin səviyyəsinin aşağı olması burda daha çox rol oynayır”.

 

Aynur Babayeva