“Mediada saxta xəbərlər” adlı kitabın təqdimatı keçirildi-FOTO
Bölmə: MEDİA › ,Tarix: 19:58 15.11.2023
“Mediada saxta xəbərlər: yayılma səbəbləri və onunla mübarizə üsulları” adlı kitabın təqdimatı keçirilib.
İnformator.az xəbər verir ki, kitabın müəllifləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova ilə Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynovadır.
Tədbirdə Jurnalistika fakültəsinin professor-müəllim heyəti ilə yanaşı Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, “ARB 24" telekanalının icraçı direktoru Radik İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı və digər ictimai xadimlər, professorlar və elm nümayəndələri iştirak ediblər.
Teletənqidçi jurnalist, professor, Qulu Məhərrəmli bildirib ki, kitab oxucuları məhz elmi biliklərlə silahlandırdığı üçün xüsusi əhəmiyyətə malikdir:
“Müəlliflər “Mediada saxta xəbərlər: yayılma səbəbləri və onunla mübarizə üsulları” kitabında bu proseslərin səbəbləri barədə məlumat verir, həmçinin ümumi mənzərəni də göstərir. Kitabda feyk xəbərlərə dair gətirilən nümunələr problemi bütün mahiyyəti ilə qavramağa kömək edir. Bu kitabın hər kəs üçün faydalı olacağına əminik”.
“ARB 24" telekanalının icraçı direktoru Radik İsmayılov kitabın müasir dövr üçün əhəmiyyət daşıdığını vurğulayıb, müəlliflərdən deepfake ilə bağlı yeni araşdırmaların aparılmasını da gözlədiyini qeyd edib.
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli saxta xəbərlərin yaratdığı təhlükə məsələsinə toxunaraq bu baxımdan kitabın vacibliyini diqqətə çatdırıb. Bildirib ki, saxta xəbərlər və onların qarşısının alınması haqqında bilgilər daha geniş auditoriyaya çatdırılmalıdır. Bu aspektdən media savadlılığının önəmi də vurğulandı.
Sonra çıxış edənlər - Mətbuat Şurasının sədri Rəşad Məcid, Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, professor Cahangir Məmmədli, professor Nəsiman Yaqublu, professor Sabir Məmmədli saxta xəbərə qarşı mübarizənin önəmindən söz açdılar, kitabın kütləvi auditoriyaya yayılmasının vacibliyini vurğuladılar. Kitabda informasiya təhlükəsizliyi baxımından media savadlılığına geniş yer verilməsini yüksək dəyərləndirdilər.
Həcər Əmiraslanlı