Sosial şəbəkələrin geridə qoyduğu ənənəvi media-Rəqabətdə uduzmamaq üçün nə etməli?

Bölmə: MEDİA › ,
Tarix: 20:37 23.11.2023

Sosial şəbəkələr günümüzün aktual mövzularından biridir. Hətta o qədər aktual olub ki, nəinki, gənc nəsil, hətta yaşlı nəsil nümayəndələri bələ bunun haqqında dolğun məlumata sahibdirlər. Bizi əhatə edən virtual aləm get-gedə insanlarda daha çox maraq doğurur. Ənənəvi KİV-də yayımlanan əksər verilişlərlə “Tik-Tok”da yayımlanan verilişləri müqayisə etsək, əlbəttə ki, izlənmə sayının daha çox sosial şəbəkədə olduğunu görərik.

 

Məsələ ilə bağlı İnformator.az-a danışan Media eksperti Səbinə İzzətlinin sözlərinə görə, insanlar informasiyanı sosial mediadan daha rahat əldə edirlər.

 

“Çünki sosial mediada məlumatlar daha çevik olur, eyni zamanda sosial medianın gündəmi də rəngarəngdir. Fərdə yönəlik kontent olduğu üçün bu üsul daha cəlbedici gəlir insanlara”.

 

Ekspert düşünür ki, əgər televiziya ənənəvi qayda ilə yayıma davam etsə, bu heç də xoş proqnozlar vəd etməz.

 

“Ona görə də yaxşı olar ki, formatdan tutmuş, məzmuna qədər müəyyən dəyişikliklər edilsin. Həm yeni nəsli, həm də texnoloji inkişafa ayaq uyduran verilişlərin hazırlanması hazırki vəziyyəti bir qədər yaxşılaşdırar”.

 

Səbinə İzzətlinin sözlərinə görə, televiziya kanallarından alınan məlumatın qərəzsiz, tərəfsiz olma prinsipi sosial şəbəkələrdə pozulur.

 

“Bizlər sadəcə şəbəkədən aldığımız informasiya haqqında, bizə ötürən mənbənin hadisəyə baxış bucağı qədər məlumatlana bilirik”.

 

Əməkdar jurnalist Qulu Məhərrəmli isə deyir ki, tamaşaçının televiziyaya baxmama səbəbi, onların faydalı, günümüzlə səsləşən, maarifləndirən verilişlərə qarşı maraq bəsləmələridir.

 

"Əgər bu tip verilişlər yoxdursa və yaxud azdırsa, onu peşəkarlıqla hazırlayan yoxdursa, onda təbii ki, tamaşaçı həmin televiziya kanalına baxmaqdan imtina edir. Bizim televiziyaların ən ciddi problemi tamaşaçı itirməklə bağlı ən ciddi problemin peşəkarlığın, sərbəstliyin, tamaşaçının marağının nəzərə alınmamasıdır”.

 

Ekspert Azər Həsrət açıqlamasında televiziyaların az izlənməsinin səbəbini yeni texnologiyaların sürətlə inkişafı ilə əlaqələndirib.

 

“Hazırda alternativlər o qədər çoxalıb ki, insanlar televiziyalara o qədər də etibar etmirlər, yaxud da yeni alternativlər daha çox tənqidə yer verdiklərinə görə televiziyalar bu rəqabətdə uduzur, yəni məsələnin kökü bundadır”.

 

Media eksperti Zeynal Məmmədli isə deyir, sərbəst bazar yox kimidirsə, reytinq ölçümü güvən vermirsə, az izlənmənin özü də uğur sayıla bilər.

 

“Menecment peşəkarlıqdan çox uzaqdırsa, reklam bazarı qapalıdırsa, medianın müstəqilliyi şübhə doğurursa, sosial media özünü peşəkar adlandıranları üstələyirsə, maaş və qonorarlar yetərsizsə, sosioloji sorğular yox dərəcəsində və gərəksiz sayılırsa, TV-lərin durumu bəlli”.

 

Ekspert düşünür ki, əhatə dairəsi daha geniş, tribunası daha əlçatan olan sosial şəbəkələrə təslim olmamağın yeganə yolu medianın sosial şəbəkəyə çıxışıdır.

 

“Bu, tək Azərbaycanda yox, bütün dünyada belədir. Dünyanın hər yerində sosial şəbəkələr üstünlüyü öz üzərinə götürüb”.

 

Tehran Yusifli