"İranla bağlı baş verən hadisələrin təxribat olduğunu düşünmürəm"-Kənan Novruzov

Bölmə: Siyasət › ,
Tarix: 21:17 20.05.2024

"Baxmayaraq ki, həyatda, xüsusilədə, siyasətdə təsadüflərə inanmayan insanam. Düşünürəm ki, bu hadisə sırf texniki səbəblər ilə bağlıdır". Bu sözləri "İnformator.az"-a İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olmaları ilə bağlı açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib.

 

 

K.Novruzov qeyd edir:
"Şübhəsiz, araşdırmaralar davam edəcək. Nəticələr ortaya çıxacaq. Bunu təxribat kimi qiymətləndirmənin tərəfdarı deyiləm. Bu hadisəni təxribat kimi qiymətləndirmək hazırda yanan ocağa benzin atmağa bənzəyər. Ümumiyyətlə, tarixdə bu cür hallar baş verib. Helikopter qəzasında İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə yanaşı hökümətin əsas üzvləri də həlak oldu. O cümlədən, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da buraya daxildir. Artıq elan olub ki, növbəti seçkilərə kimi digər səlahiyyətli şəxslər tərəfindən İranda prezidentin səlahiyyətləri icra olunacaq. Növbəti prezident seçkilərində, yəqin ki, hakimiyyətə başqa siyasi fiqur hakimiyyətə gələcək. Yeni Nazirlər Kabineti formalaşacaq".

 

 

Şərhçi bu müddətdə Azərbaycan ilə İranın münasibətlərindən də söz açır:
"Həmin vaxta kimi İranın xarici siyasətində, o cümlədən, Azərbaycanla ikitərəfli münasibətlərdə ciddi dəyişikliklər olacağını düşünmürəm. Hərçənd, bu situasiyadan istifadə edən bəzi güclər Azərbaycan ilə İranın arasını vurmağa çalışacaq. Prezident seçkilərindən, növbəti hökümət formalaşandan sonra isə artıq xarici, regional, ikitərəfli münasibətlərdə isə müxtəlif korrektələr ola bilər. Bu korrektələrin mahiyyəti sonradan bilinəcək ki, mənfiyə, yoxsa müsbətə doğrudur. Azərbaycanla münasibətlərin hazırkı situasiyadan aşağı enəcəyini düşünmürəm. Çünki İranın hakimiyyətində kim olmasından asılı olmayaraq, istənilən ağlı başında olan biri başa düşməlidir ki, Azərbaycan ilə münasibətlər İran üçün çox vacibdir. Bu 3+3, həm Zəngəzur dəhlizi, Qarabağda görüləcək iqtisadi işlər, yenidənqurma, həm də iqtisadi münasibətlər kontekstindən qiymətləndirilməlidir. Ümumiyyətlə, Azərbaycan regionun əsas güclərindən biri kimi, təbii ki, qonşular, o cümlədən İran üçün vacib partnyordur".

 

Çinarə Muradova