“ABŞ və Rusiya arasında heç bir münasibət mövcud deyil…”-Natiq Miri
Bölmə: Siyasət › ,Tarix: 23:02 21.05.2024
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiyanın iki vətəndaşına və üç təşkilatına sanksiya tətbiq edib.
Məlumata görə, həmin şəxslər Şimali Koreyadan Rusiyaya silah ötürülməsini asanlaşdırdıqlarına görə sanksiyalara məruz qalıb.
“Bu qərar ABŞ hökumətinin KXDR ilə Rusiya arasında silah ötürülməsini əngəlləmək, ifşa etmək məqsədlərinə xidmət edir və ABŞ Maliyyə Nazirliyinin, Dövlət Departamentinin KXDR ilə Rusiya arasında silah tədarükü, o cümlədən KXDR-də istehsal olunan silahların, xüsusilə də Rusiyanın Ukraynaya qarşı istifadə etməsi üçün ballistik raketlərin ötürülməsi və sınaqdan keçirilməsi ilə bağlı tətbiq etdiyi sanksiyalara əsaslanır”,-məlumatda belə qeyd edilir.
Rusiya vətəndaşlarına verilən sanksiya Amerika-Rusiya münasibətlərinə necə təsir göstərəcək ?
Üçüncü tərəf- Şimali Koreya məsələyə hansı bucaqdan baxır?
Məsələylə bağlı “informator.az”a açıqlama edən politoloq Natiq Miri bildirir ki, bu cür sanksiyalar Rusiyaya heç bir təsir göstərmir:
“İlk dəfə deyil ki, Rusiya ilə bağlı sanksiyalar tətbiq olunur. 2022-ci ilin fevarlından bəri bu sanksiyalar davamlı tətbiq olunur və effektli olduğu da görülməyib. Əksinə, Rusiya iqtisadiyyatını müharibə vəziyyətinə salıb, hərbi sənaye kompleksi əvvəlki istehsal səviyyəsinə çatıb. Paralel olaraq Rusiyaya dəstək göstərən Şimali Koreya, Çin və bəzi dövlətlərlə hərbi əməkdaşlığı və bir çox raket və dronların alınması ilə bağlı əməkdaşlıq davam edir".
Politoloq qeyd edir ki, istər Avropa Birliyi, istər ABŞ sanksiyaları pozan həmin dövlətlərin özüdür.
“Bu sanksiyaların ciddi bir effekt verəcəyini kimsə düşünmür. Artıq bu sanksiyalar Rusiya ənənəvi bir hala çevrilib. Sanksiyalar dövlətlər arasında münasibətlərə təsir etməyəcək, çünki bu dövlətlər arasında heç bir münasibət mövcud deyil. Açıq şəkildə ABŞ Ukraynanı dəstəkləyir, onu silahlarla təhciz edir”.
Azər Abuşov