"M.Ə.Rəsulzadə müstəqilliyin rəmzi, istiqlalın təmsilçisidir"

Bölmə: Siyasət › ,
Tarix: 10:02 28.05.2024

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür.

 

 

"Müstəqillik, azadlıq və istiqlaliyyət Yer üzərində yaşayan bütün xalqların arzusudur. Nə gözəl ki Azərbaycan xalqı bu müstəqilliyə 106 il öncə qovuşub". Bu sözləri "İnformator.az"-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli deyib.

 

 

Qulu Məhərrəmli müstəqilliyə doğru gedən yolda misilsiz xidmətləri olan Məhəmməd Əmin Rəsulzadənin göstərdiyi şücaətlərdən söz açıb.

 

 

O bildirir ki, "Bizim qurucu babalarımız, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla-bunların hamısı Azərbaycanı müstəqilliyə aparan yolda böyük fədakarlıqlar göstəriblər. M.Ə.Rəsulzadə "Azərbaycan davası" adlı məqaləsində yazır ki: "Cümhuriyyəti bir şəxsin adına çıxmaq doğru deyil". Amma bütün bu proseslərin önündə dayanan bir şəxs olur. Həmin şəxs Azərbaycan xalqı üçün Məhəmməd Əmin Rəsulzadədir. M.Ə.Rəsulzadə Azərbaycan Milli Hərəkatının ideologiyasını hazırlayıb. Bu hərəkatın önündə olub. Cümhuriyyətin ideoloqu, yönəldicisi olub. Bu dövlət birbaşa onun və onun rəhbərlik etdiyi "Müsavat" partiyasının adı ilə bağlı olub. Sonralar özü də etiraf edir ki, həmin oradakıların bəziləri müsavat deyil. Amma o, həmin iki ili "Azərbaycan dövrü" adlandırır. Rəsulzadənin xidmətləri o mənada böyükdür ki, o Milli Hərəkatın ideologiyasını hazırladıb. Onun müsəlmanlıqdan türkçülüyə keçid etmiş Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadədən sonra milli ideologiyanın önündə gedərək türkçülükdən Azərbaycançılığa doğru çox böyük dönüş etdi. Rəsulzadə Birinci Dünya müharibəsi başlayan dövrdə o belə bir tezis irəli sürdü ki, "başlayan müharibə kiçik xalqlara böyük xoşbəxtlik gətirə bilər. Bu xalqlar öz dövlətini yaratmağa hazır olmalıdır". Bu baxımdan xüsusən "Müsavat" partiyası yaradıldıqdan, onun bünovrəsi qoyulandan, siyasi fəaliyyəti genişləndikdən sonra Azərbaycanın müstəqilliyi bir nömrəli məsələ kimi öndə dayanırdı. Bu dövrə qədər Rəsulzadə öz məqalə və çıxışlarında, xüsusən "Açıq söz" qəzetində Azərbaycan Cümhuriyyətinin ideoloji fikir, düşüncə bazasını hazırlayıb. Onun Milli Şura sədri, indiki dillə desək ilk dövlət başçısı seçilməsinin əsasında bu kriteriya dayanırdı ki, bu dövlətin başçısı olmağa M.Ə.Rəsulzadə hər kəsdən çox layiqdir".

 

 

Professorun son zamanlar gənclərin M.Ə.Rəsulzadəyə olan diqqət və marağı diqqətindən yayınmayıb.

 


"Biz Rəsulzadəni, onun demokratiya, dövlətçilik irsini öyrənərək həyata keçirməyə çalışmalıyıq. Rəsulzadə Azərbaycan milli düşüncəsində müstəqilliyin, istiqlalın təmsilçisi, onun bir növ rəmzi kimi qəbul edilir. Xüsusən, son dövrlərdə gənclərin Rəsulzadəyə marağının, məhəbbətinin artan templə inkişafını görürük. Buna isə yalnız sevinmək olar".

 

Çinarə Muradova