"Bu dəfə coğrafi məkan Kuba deyil, Ukraynadır…”

Bölmə: Siyasət › ,
Tarix: 22:39 28.05.2024

Bəşəriyyətin “soyuq müharibə” dövründə olduğu kimi yenidən məhv olmaq təhlükəsi ilə üzləşəcəyi ilə bağlı qorxular getdikcə artır.

 

Rusiya Federasiyasının bu həftə başladığı taktiki nüvə silahı təlimi Qərb mətbuatı tərəfindən ABŞ və müttəfiqləri üçün güc nümayişi kimi qiymətləndirilir.

 

Qeyd olunur ki, Moskva ilə Vaşinqton arasında qarşıdurma 1962-ci ildə Kuba raket böhranı zamanı olduğundan heç də az şiddətli deyil. Rusiya Federasiyası və ABŞ-nin dünyanın ən böyük nüvə dövlətləri olduğunu və qlobal atom silahı arsenalının təxminən 88%-ni təşkil etdiyini nəzərə alsaq, mövcud vəziyyət xüsusilə narahatedicidir.

 

Hazırda müharibə şəraitində olan Rusiyanın bu təlimi nə üçündür ?

 

Dünyanın iki ən böyük nüvə dövlətləri olaraq hər hansı bir qarşıdurma yarana bilərmi ? 

 

Rəsmi Vaşinqton Moskvanın bu təliminə münasibəti hansı yerdədir ?

 

Məsələylə bağlı “informator.az”a müsahibəsində politoloq Sultan Zahidov bildirir ki, Rusiyanın Qərblə birbaşa toquşması ehtimalı gündən-günə artır:

 

 

“Dünya sistemini biz “Soyuq müharibə”dən sonra mərhələlərə bölsək, bu günkü dönəm bəşəriyyətin III Dünya müharibəsinə ən yaxın olduğu dönəmdir. Bəşəriyyətin yeni Dünya müharibəsi ərəfəsində olmasının əsas səbəblərindən biri Rusiyanın Ukraynadakı aqressif siyasətidir. Bir çoxlarına görə Ukrayna müharibəsi “Soyuq müharibə” zamanı yaranan Kuba münaqişəsini xatırladır”.

 

Politoloq qeyd edir ki, ABŞ başda olmaqla Qərbin Ukraynaya birbaşa müdaxiləsini çəkindirən əsas səbəb Rusiyanın nüvə silahına sahib olmasıdır. 

 

“Ukrayna ətrafında Rusiyanın nüvə silahlarını yerləşdirməsi, Belarusyada taktiki nüvə təlimləri həyata keçirməsi sözsüz ki, nüvə təhdidindən və növbəti Dünya müharibəsindən xəbər verən faktorlardır. Rusiyanın nüvə təlimlərinin keçirməsində məqsədi qarşı tərəfi psixoloji gərginlikdə, qeyri-müəyyənlikdə saxlamaqdır. Əgər Qərb Ukraynaya birbaşa qoşun göndərərsə, bu artıq Rusiyanın faktiki olaraq Qərblə birbaşa toqquşmasına gətirib çıxarar. Bu toqquşmanın ehtimalı gündən-günə artmaqdadır. Əlbəttə ki, rəsmi Vaşinqton Moskvanın bu addımına qarşıdır”.

 

 

Azər Abuşov