Zelenski, Trampı “sülh planı”na qərar verməzdən əvvəl Ukraynaya dəvət edib

Tarix: 21:40 14.04.2025
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin keçmiş prezidenti Donald Trampa “sülh planı”na qərar verməzdən əvvəl Ukraynanı ziyarət etməyi təklif edib.
Zelenski CBS News telekanalının “60 dəqiqə” proqramında çıxışı zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, Rusiya ordusu Ukraynaya qarşı hava hücumlarını davam etdirir və Trampı ölkəyə gəlib bu hücumların nəticələrini görməyə çağırıb.
Trampın Rusiya-Ukrayna müharibəsində “sülh planı” ilə bağlı hər hansı qərar verməzdən əvvəl Ukraynaya gəlməsinin vacib olduğunu deyən Zelenski əlavə edib:
“Gəlin, görün və sonra müharibəni necə bitirəcəyimizlə bağlı plan quraraq hərəkət edək. Kiminlə razılaşma əldə etdiyinizi anlayacaqsınız. (Rusiya Prezidenti Vladimir) Putinin nə etdiyini anlayacaqsınız.
Amma xahiş edirəm, istənilən qərarı qəbul etməzdən, istənilən danışıqlar planı hazırlamazdan əvvəl gəlin və insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, məhv edilmiş uşaqlara baxın".
Rusiyanın müharibəni davam etdirmək istədiyini və bütün dünyanın təhlükə ilə üz-üzə olduğunu deyən Zelenski belə bir fikrini də bölüşüb:
“Putinin əsas məqsədi Rusiya imperiyasını yenidən qurmaq və hazırda NATO-nun qoruması altında olan əraziləri geri almaqdır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, bu, dünya müharibəsinə çevrilə bilər".
TRT XƏBƏR
Günel Verdiyeva