Keçmişdən bəhrələnib gələcək yaratmaq lazımdır. Çünki keçmişdə bizimdi, gələcək də

Bölmə: Mədəniyyət › ,
Tarix: 15:03 15.03.2016

Şirəliyeva Aidə

BDU, Kitabxanaçılıq-informasiya fakültəsi II kurs tələbəsi

Salam. Əvvəla təklifimizi qəbul edib müsahibə verəcəyinizə görə sizə təşəkkür edirik. Belə başlayaq: Vaqif Yaquboğlu kimdir?

- Vaqif Yaquboğlu ...  Mən Qəbələdə doğulmuşam. Amma elə doğulmamışdan öncə biz Bakıda yaşamışıq. Həm məktəbi,həm də universiteti Bakıda bitirmişəm. İki universitet bitirmişəm - biri Moskvada Yeyinti Sənaye Universitetini, biri də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsini. Ondan öncə mən Politexnik Universitetini bitirmişəm. Mən lap gənclik illərindən böyük kitab həvəskarı olmuşam.1961-ci ildən kitab toplayıram. Mənim 5000-dən çox kitabım var.

Nədir Sizi şeirə, ədəbiyyata bağlayan?

-  Uşaqlıqdan olan həvəsim. Bizim ailəmizdə, nəslimizdə nə bir musiqiçi olub, nə bir poeziya ilə maraqlanan. Bilmirəm bu həvəs mənə hardan gəlib.

Şeir sizin üçün nə ifadə edir?

- Şeir əslində...Birincisi Aida xanım, mən özümü heç vaxt şair adlandırmamışam və bu gün də adlandırmıram. Bir dənə balaca bir kitabı çıxan və yaxud da 20-30 dənə şeir yazan adam özlərini şair adlandırır. Mənə çox pis təsir edir. Mən onlara hərdən deyirəm ki, şair adını bu qədər ucuzlaşdırmayın .Əgər siz şairsizsə, biz şairiksə, bəs Nizami, Füzuli, Nəsimi, Səməd Vurğun, Şəhriyar, B.Vahabzadə-bunlar kimdirlər?!

Sevgi şeirlərinə daha çox üstünlük verirsiniz yoxsa digər mövzulara da müraciət edirsiniz?

- Bilirsiniz, bu əhval-ruhiyyədən asılı olan bir şeydir. Bu bir, ikincisi də kim deyir ki, məsələn, mən sabah filan saatdan filan saata qədər şeir yazan vaxtımdır. Bu artıq boş şeydir.

Vaqif müəllim, həyatınızda elə bir hadisə olubmu ki, şeir yazmaqdan imtina edəsiniz?

- Şeir yazmaqdan imtina deyəndə ki, ay qızım, bizim fikrimiz elə şeir yazmaq deyil ki. Şeir gələndə yazırıq da. Elə vaxt olub ki, dəftəri qoymuşam qabağıma amma yaza bilməmişəm.

Deməli, başqa peşələriniz də var. O zaman sizin başqa hansı peşələrdən tanıyırıq? Zəhmət olmasa tanımadığımız Vaqif Yaquboğlunu biz oxuculara təqdim edin.

-Mən ixtisasca rejissoram. Üç sənədli film çəkmişəm. Mən uzun müddət - uşaq vaxtından xalq teatrında aktyor kimi oynamışam. Mənim bir cəmiyyətim də var "Dədə-Qorqud Ocağı" Yaradıcılıq Mərkəzi, 2001-ci ildə yaratmışam onu .Onun təsisçi və sədriyəm.Vaxtıykən mən Qarabağ bölgələrində də çıxışlar etmişəm.

Vaqif müəllim nə vaxtdan Azərbaycan Jurnalistlər Birliyinin üzvüsünüz? Bu birliyə üzv olmaq sizə nə verdi?

- Ümumiyyətlə, mən sizə deyim ki bu birliyə üzv olmaq mənə heç nə verməyib. Mən onlara əksinə üzvlük haqqı vermişəm vəssalam (gülür).Belə baxanda mən peşəkar jurnalist deyiləm. Sadəcə olaraq məni bura maraq gətirib. Gəncliyimdən mətbuata, poeziyaya, incəsənətə olan marağım.

Biz sizin səhifənizi izədik. Burada yerləşdirdiyiniz hər söz bir aforizmdir. Bu şeirlərdə sizin üçün ən gözəl fikir hansı olub ?

- Vallah bu çox qəliz bir sualdır. Ananın 5 övladı var. Necə sual verə bilərsən ki hansını daha çox istəyirsən. Şeirlər də mənim beynimin məhsuludur. Ola bilər onun içində zəifi də var.5 uşağın 5-i də sağlam olmaya bilər. Ola bilər birində nasazıqlıq var, biri arığdı, biri kökdü, biri xəstədi. Əksinə ana o xəstəni daha çox istəyir. Ana övladına fərq qoymadığı kimi məndə fikirlərimə fərq qoymuram.

Şair olmaq, incəsənətin içərisində olmaq sizin şəxsi həyatınıza maneə yaradırmı?

- Yox, mənə heç nə maneə yaratmır. Bilirsiniz, mənim bir xasiyyətim var. Mən uşaq yaşından bu günə qədər sərbəst olmağa çalışmışam. Uşaq var məhlədə dava-dava oynayanda görürsən bir-ikisi deyir ki:"mən kiminləyəm?" uşaq da var deyir ki:"Kim mənimlədir?" Bax mən uşaqlıqdan həmişə elə demişəm: "Kim mənimlədir?" Yəni mən özümə böyük qardaş axtarmamışam. Mən üstümdə rəhbər görə bilmirəm. Belə bir aforizm var "Yazıq bədbəxt adam odur ki, axmaq adamın əli altında işləyir " .

Gənc ədiblərə nələri tövsiyyə edirsiniz?

- Gənc ədiblər bizim gələcəyimizdir. Gənc ədiblər özlərindən əvvəlkilərə arxa çevirməməli, özlərindən əvvəlkiləri- Nizamidən üzü bu tərəfə hamısını oxumalı, öyrənməlidilər, hörmətlə yanaşsınlar onlara. Amma öz yaradıcılıqlarını davam eləsinlər. Yeni nə isə yaratsınlar. Keçmişdən bəhrələnib gələcək yaratmaq lazımdır. Keçmişdə bizimdi, gələcək də. Gələcəyin yaxşı qurulması üçün, gələcəkdə fəxr etmək üçün biz keçmişə boylanmalıyıq. Bu gün bütün Yazıçılar Birliyini yığsan, Nizami, Füzuli, Şəhriyar, B.Vahabzadə - bu 4-ü qədər birliyin 2000 üzvü onların yazdığının yarısı qədər yaza bilməz. Mümkün də deyil.

Vaxtınızı ayırıb suallarımızı cavablandırdığınız üçün çox sag olun. Və sonda oxucularınıza sözünüz.

- Oxucularıma sözüm odur ki, əgər oxucu varsa, mən çox təəssüf edirəm indiki zamanda buna. Mənim gəncliyim yadıma düşür. Bakıda nə qədər kitabxana var idi. Bakıda kitabxanada mən növbəyə durmuşam kitab almaq üçün. O günlər hanı?! Avtobusda, tramvayda, metroda hamı kitab oxuyurdu. Gənclərin əlində kitab var idi. İndi hamı telefonla oynayır. Bax budur gəncliyimiz. Bax bundan mən çox qorxuram. Mən bu gün oxucu qıtlığı görürəm. Yoxdur oxucu. Tutaq ki, bəhanə edirlər ki, bu gün yazanlar zəifdir amma yaxşı yazmış klassiklərimiz var. Onları oxuyun, dünya klassiklərini oxuyun. Mən oxucuların sayının artmağını istəyirəm. Mənim arzum odur ki, bizim xalqımız, bizim gənclərimiz oxumağa daha çox meylli olsunlar.