Ümidlər ölmür

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:10 06.03.2017

BDU, Jurnalistika fakültəsi, I kurs, Nərmin Aydınqızı

Və bir gün o qədər gücsüz ikən güclənirsən ki, sanki bu günə qədər yaşadıqların sadəcə nağıl imiş. Yuxu görmüş ve ayılmamış kimi hiss etdiyin hər şey keçir və sən bir anda yenidən doğulmuşcasına həyata gülümsəyirsən. Hətta bu gülüş o qədər gözəl olur ki, ətrafındakı o qaranlıq işıqlanır. Parlayırsan ortalıqda çünki sən öyrəşdiyini unudursan. Bunun gözəlliyini, bunun şəffaflığını anlada biləcək sözlər tapmazkən, sən özünü ifadə üçün yeni üfiqlər kəşf edirsən. Dünyaya yenidən gəlirsən bəlkə də, ayaqlarınıza yüklənib qaçmaq əvəzinə içinizdəki acını yandırırsan. Yanan ciyərinlə birlikdə yanır o acı.. Qığılcımlar alovlara çevrildikcə sən güclənirsən. Küllərə baxıb dərindən nəfəs çəkirsən. O küllər sənin qalibiyyətindi əslində. Ayların, bəlkə də, illərin yığılıb qalan, dodaqlardan çıxa bilməyib içimizə dustaq kəlmələrin qalıqlardı o küllər. Xatirələri yandırıb yeni ümidlər əkdik biz bu ömür torpağımıza. Hər bir şeyi itirə bilərsən, amma ümidini, yox!
O, hər zaman səninlə olacaq. Ən yaxınında, hətta içində yanacaq, işıqlandıracaq sabahını... Əlbəttə ki, yenidən gələcək o xatirələr, yenidən yaşanacaq. Amma bu səfər xatırlayanda sızlatmayacaq sol tərəfimizi, yandırmayacaq ciyərimizi. Əksinə, kəpənək kimi qonacaq dodağımıza, gülüşümüzdə əks etdirəcək özünü. Yeni doğulan körpə kimi heç nədən xəbərsiz yaşayacaqsan. Sevinməyə, gülməyə bəhanələr tapacaqsan. Ətrafına, sevdiklərinə sevgi bəxş edəcəksən. Və sən onda çox amma çox xoşbəxt olacaqsan...