BDU-da "Cahangir Məmmədlinin publisistikası" adlı tədbir keçirilib

Bölmə: MEDİA › ,
Tarix: 22:05 29.05.2024

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Cahangir Məmmədlinin publisistikası" adlı tədbir keçirilib. 

 

Tədbir elmi çıxış və bədii qiraət olmaqla iki hissədən ibarət olub. İlk olaraq çıxış edən jurnalistika fakültəsi dekanı Vüqar Zifəroğlu Cahangir müəllimin obrazını 3 istiqamətdə qiymətləndirərək onun müəllim obrazından, insan kimi insan olmasından və alim obrazından danışıb. O qeyd edib ki, Cahangir müəllim nadir insanlardandır ki, həm alim, həm də müəllimdir. Onun qeyri adi yazı üslubu, texnikası var. 

 

Daha sonra söz Tələbə Elmi Cəmiyyətinin sədri Günel Abbasova, sədr müavini Əsgər İsmayılova, idarə heyyətinin üzvü Nurlan Cəbrayılova verilib. Onlar da öz növbələrində Cahangir müəllimlə bağlı xatirələrini bölüşüblər.

 

Qeyd edək ki, tədbirdə yalnız jurnalistika fakültəsi tələbələri deyil, eləcə də tarix və sosialogiya fakültələri tələbələri də iştirak ediblər. "Gənc tarixçilər" dərnəyinin sədri Tural Qafarov çıxış edərək dəvət üçün öz təşəkkürünü bildirib. 

 

Jurnalistika fakültəsi tələbələri Ataməli Əliyev rus dilində, Məryəm Abdullayev ingilis dilində Cahangir müəllim və fakültə barəsində öz fikirlərini söyləyiblər.

 

Tədbirin bədii hissəsindən əvvəl çıxış edən Professor Cahangir Məmmədli tələbə və müəllimlərə təşəkkürlərini bildirib. Jurnalistika fakültəsi müəllimi Kənan Novruzov da müəllimi Cahangir Məmmədli barəsində düşüncələrini bölüşüb. 

 

Sonda Südabə Məmmədova sazda ifa edib. Xatirə fotosu ilə tədbir yekunlaşıb.

 

Banuçiçək Kalbalıyeva