"Sosial şəbəkələr peşəkar mediaya qalib gəlmək üzrədir"-Ceyhun Musaoğlu

Bölmə: MEDİA › ,
Tarix: 15:41 31.05.2024

"Xəbərin standarta uyğun hazırlanmaması onun keyfiyyətsiz vəziyyətə gəlib çıxmasına səbəb olur. Keyfiyyətli informasiyanı çoxaltmaq üçün ilk növbədə oxucunun media savadlılığını artırmaq lazımdır". Bu sözləri "İnformator.az"-a açıqlamasında media üzrə ekspert Ceyhun Musaoğlu bildirib.

 

Ekspert Jurnalistin başlıca vəzifəsinin ictimaiyyətə dolğun, qərəzsiz və operativ məlumat çatdırmaqdan ibarət olmasını qeyd edib.

 

"Peşəkar Jurnalistika keyfiyyətli informasiyanın emalı və yayılması işi ilə daha çox məşğul olmalıdır. Keyfiyyətli informasiya dedikdə informasiyanın xəbər tələblərinə uyğun məlumat hazırlanmalıdır. Bu tələblər "Media haqqında" qanunda da öz əksini tapıb. Jurnalistlərin beynəlxalq, yerli, vahid prinsiplərində əksini tapıb. Jurnalistlərin etik davranış qaydalarında da birmənalı olaraq "keyfiyyətli informasiya" dedikdə nələr nəzərdə tutulduğu göstərilib. Keyfiyyətli informasiya odur ki, sən bütün suallara cavab verə biləsən. Oxucu üçün qaranlıq sual qalmasın. Təəssüf ki, uzun illərdir, operativlik dolğun informasiyadan daha önə çıxıb. "Xəbər tez paylaşım, öncə mən yayım" prinsipi ilə həmin xəbəri standarta uyğun hazırlamır".

 

C.Musaoğlu jurnalistlər ilə yanaşı oxucuların da media savadına malik olmasını diqqətə çatdırıb.


"Oxucu xəbəri ciddi media orqanlarından əldə etməlidir. Sosial şəbəkələrdə yayılan xəbərlərin əksəriyyətinin kökündə yanlış dezinformasiya dayanır. Çünki bu Jurnalistikanın prinsiplərinə əməl olunmadan yazılır. Faktda istinad edilmir. Qarşı tərəfin mövqeyi yoxdur. Araşdırma aparılmayıb. Dəlilə söykənməyib. Başlıq ilə mətn uyğunsuzdur. Şəkil düzgün seçilməyib. Bütün bunlar Jurnalistika prinsiplərinin pozuntusudur. Həmçinin, buraya kiminsə şərəf və ləyaqətinin alçaldılması, böhtan atılması da aiddir. Oxucu media savadına malik olsa, həmin xəbərin anındaca əsl jurnalist xəbəri olmadığını biləcək. İlk növbədə biz oxucuların media savadını artırmaq üçün müxtəlif təlimlər keçməliyik. Bu təlimlər zaman-zaman keçirilib. Amma maarrifləndirici şəkildə daha da genişləndirilməlidir. Hansı informasiyaya inanmaq, hansı informasiyanı doğru yazı hesab etmək olar, ümumiyyətlə, reportaj, müsahibə janrı, araşdırma, analitika nədir? kimi mövzular barəsində jurnalistlərin məlumat toplamağı ilə yanaşı oxucular da həmin gerçəklərdən xəbərdar olmalıdırlar. Hazırki standartlara uyğun olaraq sosial şəbəkələr ciddi medianı üstələyir. Ciddi Jurnalistika və jurnalistlər buna imkan verməməlidirlər. Daha çox prinsip göstərib bacardıqları qədər hazır etdikləri yazıda müxtəlif janrlar üzrə peşəkarlığa, peşəkar dəyərlər və tələblərə xidmət göstərməlidirlər. Həmin dəyərlər isə "Media haqqında" qanunda, təcrübələrimizdə, jurnalistlərin etik davranışlarında, universitetlərdə tədris edilən dərslərdə öz əksini tapıb".

 

Çinarə Muradova