Azərbaycanda yenilik: Radio Data sistemi nələri vəd edir?-RƏY

Bölmə: MEDİA › ,
Tarix: 17:18 26.07.2024

"Azərbaycan ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 24 iyul tarixli Sərəncamının icra vəziyyəti ilə bağlı brifinq keçirilib. Azərbaycanda Radio Data sistemi qurulur.

 

Sərəncamın məqsədi nədir? Radioyayım şəbəkəsinin yenilənməsi və müasirləşdirilməsi ilə bağlı hansı yeniliklər görüləcək?

 

Bu barədə Osman Gündüz öz "Facebook" hesabında paylaşım edib. O bildirib ki, son bir ildə Azərbaycanda radioyayım şəbəkəsində qeyd olunan problemlərin aradan qaldırılması üçün xeyli işlər görülüb:

 

" "Azərbaycanda radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması" ilə bağlı Prezidentin Sərəncamından bir il ötür. O zaman Prezident bu məqsədlə 13.7 milyon manat vəsait ayırıb.

İndiyədək bu sektorda situasiya eləydi ki, Azərbaycanın sərhədlərində xarici radiostansiyalar bizim efir məkanımıza çox asanlıqla müdaxilə edirdi.

Baxmayaraq ki, radio kanallar lisenziyalarını ölkə üzrə alıblar, yayımlandıqları ərazi isə indiyədək çox məhdud olub. Təsəvvür edin ki, cəmi 4 radiomuzun ölkə üzrə əhatə dairəsi 50%-dək olub. Digərləri isə əsasən Bakı və Abşeron əraizisində yayımlana bilirdi.

 Bu gün açıqlanan məlumatlardan belə anlamaq olar ki, FM radioyayım şəbəkəsinin yenidən qurulması işləri 90% icra edilib. 

Son bir ildə köhnə ötürücülər yenilənib və 176 yeni FM radioyayım ötürücüsü , xeyli sayda peyk avadanlığı və anten sistemləri quraşdırılıb. 

Əgər 30 ildə istifadə olunan tezlik nominallarının sayı 100-dək olubsa , təkcə son bir ildə 127 yeni tezlik resursları radioyayım üçün ayrılıb. Hərəkət zamanı tezliklərin avtomatik qaydada quruğular tərəfindən qəbul edilmsinə imkan evrən Radio Data Sistemi qurulub.

Ümid edək ki, bundan sonra avtomobillə hərəkət edərkən radiolar fasiləsiz işləyəcək, xarici radiostansiyalar sərhəd bölgələrdə hökmranlıq etməyəcək, bölgələrdə əhali milli radio proqramlarını da rahat qəbul edə biləcəklər".

 

Osman Gündüz əlavə edib ki, layihə hələlik başa çatmayıb:

 

"Avqustda avadanlıqların quraşdırılması və testdən keçirilməsi, layihənin isə ilin sonunda başa çatdırılması nəzərdə tutulub. Aparılan radiomanitorinqlər və ölçmələr vasitəsilə layihənin yekunu haqqında, modernləşən radioyayım şəbəkəsinin keyfiyyəti haqqında daha dəqiq məlumatlar əldə etmək mümkün olacaq.

FM texnologiyalar artıq xeyli “qocalıb”. Dünya da artıq bu texnologiyalardan imtina edir. İnsanlar informasiya almaq üçün daha çox internet kanallara, multimediaya və social mediaya üstünlük verirlər.

Avtomobillərdə olan FM radiolar da yerini DAB texnologiyasına, rəqəmsal radioya verir.

Azərbaycanda da rəqəmsal radioyayımla bağlı proqram qəbul edilib. Tədbirlər planı təsdiqlənib.

Bu texnologiya məhdud olan tezlik resurslarından da daha effektiv istifadəyə imkan verir.

Xatırlayıram ki ,Teleradio Birliyi ölkəyə yeni gətirilən avtomobillərdə rəqəmsal radio avadanlıqların vəziyyəti ilə bağlı Avtomobil Dilerləri Assosiasiyası ilə görüş keçirilib. Layihəyə görə hökumət yalnız 3 il ərzində FM radioyayım infrastrukturunu dəstəkləməyi öz üzərinə götürüb.

Yəni görünən odur ki, bundan sonra investisiyaların rəqəmsal radioyayım infrastrukturuna yatırılması daha məntiqli və doğru olardı".

 

Aslanova Fatimə