28 may qürur duya biləcək günümüzdür

Bölmə: MEDİA › ,
Tarix: 10:38 28.05.2015

Nurlan Səlim

BDU-nun Jurnalistika fakültəsi II kurs tələbəsi

Müsahibimiz BDU-nun Jurnalistika fakültəsi, “Mətbuat tarixi və ideoloji iş metodları” kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Qərənfil (Quliyeva) Dünyamin qızıdır. Qərənfil xanım “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuatı (1918-1920 -ci illər)” I-II hissə adlı monoqrafiyanın (2005-2011), “Milli tərəqqiyə doğru” (2012), “Mətbuat nicat yoludur” (2013), “Dahinin istəyi, qələmin qüdrəti” (2015) adlı elmi-publisistik əsərlərin, 4 elmi tədris proqramın müəllifidir. Onun “Mənim tənha söyüdüm” və “Düyünlər” adlı bədii kitabları, 450-ə yaxın bədii-publisistik və 50-i elmi məqalələri də çap edilib. Tədqiqatçı xanım hazırda “Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması (1900-2000)” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Mütamadi olaraq “Kaspi”, “Ədalət” qəzetlərində, “İşıq” və “Füyuzat” jurnallarında çap olunur.

            

-         Qərənfil xanım, bu gün 28 may İstiqlal bayramı günüdür. Azərbaycan Xalq Cünhuriyyəti dövrünün tədqiqatçısı kimi bu gün Sizin sevincinizə şərik olmaq istədik.

-         Sağ olun. Bu gün ilk dəfə bayram kimi, 1919-cu il mayın 28-də qeyd edilib, ikinci dəfə isə nə az-nə çox düz 73 il sonra 1992-ci il 28-mayda. Tanrıya çox şükür ki, bu gün tariximizin möhtəşəm, unudulmaz 28 may İstiqlal günü ümumxalq bayramı kimi dövlət səviyyəsində qeyd edilir. Mən bu böyük və şərəfli gün münasibətilə bütün xalqımı ürəkdən təbrik edirəm və onlara İstiqlalımızın qorunması, yaşanması yolunda uğurlar diləyirəm.

-         Qərənfil xanım, amma çox təəssüflər ki, uzun illər xalqımız bu günün uğurlarından xəbərsis olub. Əksinə, qanlı bolşevik “istilası gününü”-27 apreli bayram kimi qeyd edib.

-         Bəli. Xalq SSRİ dövründə 70- ilə yaxın faciəsini “bayram” kimi kecirməyə məhkum edilib. Bu məhkumluq 1980-cı illərin sonu, 1990-cı illərin əvvəllərinə kimi davam etdi. 20-ci yüzilliyin əvvəllərində olduğu kimi, sonlarında da çox mürəkkəb, ziddiyyətli siyasi-ictimai hadisələr baş verdi. Xalq öz müstəqilliyi uğrunda ayağa qalxdı. Heç zaman onun azadlığını, müstəqilliyini istəməyən imperiya 20 yanvar, Xocalı, 20 noyabr kimi faciələri törətdi, Qarabağ müharibəsinə başladı, yüzlərlə, minlərlə insanlar doğma elindən-obasından didərgin düşdü, vətən uğrynda şəhid getdi. Amma bu faciələr xalqı öz inadından döndərə bilmədi və bu böyük qanlar bahasına müstəqilliyinə nail oldu. “Bu bir həqiqətdir ki, Azərbaycan Demokratik Respublikası olmasaydı, indiki müstəqil Azərbaycan da yaranmazdı” söyləyənlər çox haqlıdırlar. O, zaman da bu gün də dahi Üzeyir bəy demiş: “Adamlar var ki, bizim istiqlalımızı istəmirdilər. Qorxurdular ki, biz hökumət etməyə, məmləkət dolandırmağa, dövlət saxlamağa qabil olmayıb da müxtəlif millətli təbəəmizin can və malını mühafizə edə bilməyən məmləkətdə asayiş edə bilməyək, nizam və qaidə qoya bilməyək, siyasətdə bacarıqsızlıq göstərib xalqın istirahətini pozaq”. Amma zaman göstərdi ki, biz dövlətimizi qurmağa və onu idarə etməyə qadirik.

-         Səhv etmirəmsə, Azərbaycanın istiqlal mücadiləsi tarixi yalnız XX əsrlə məhdudlaşmır.

-         Bəli.Tamamilə haqlısınız. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti türk xalqları 114-cü müstəqil dövlət kimi daxil olmuşdur. Bütün tarixi mənbələr, arxiv sənədləri bir daha sübut edir ki, “türk xalqları qədim və yeni tarixin heç bir dövründə dünya meydanında müstəqil dövlətsiz olmamışdır. İnsanlıq tarixinə 128 müstəqil türk dövlətinin adı yazılmışdır. Bu dövlətlərdən səkkizini azəri türkləri yaratmışlar”. Bu haqda məşhur türk tarixçisi Mustafa Yazıçı “Tarixdə 128 türk dövləti ilə 318 dövlət-356 hökumət başqanlarının özəllikləri” əsərində daha geniş və ətraflı məlumat verir.                    

-         Təbii bu müstəqil dövlətlərimizin qurulmasında aydınlarımızın, görkəmli şəxsiyyətlərimizin, yazarlarımızın çox böyük rolu olub.

-         Sözsüz. Elə 20-ci yüzilliyin əvvəllərində də, sonunda da yenə onların mübarizəsi nəticəsində buna nail olduq. “Özünü tanımayan millət, tarixi inkişaf yolunu və səmtini düzgün müəyyənləşdirə bilməz” deyənlər çox haqlıdırlar. O, tarixi şəxsiyyətlərimiz ki, sözü, amalı ilə “xalqını yaşadan, tərəqqi və təkamülünü istiqamətləndirən, mühafizə və müdafiəsini təşkil edərək” tarixi yazdılar. Unutmayaq ki, 20-ci yüzilliyin həm əvvəlləri, həm də sonları İstiqlalımıza qovuşmaqda milli ruhlu mətbuatımız ölcüyə gəlməz dərəcədə böyük rol oynayıb. Çünki həmin tarixi şəxsiyyətlərin əksəriyyəti milli mətbuatımızı yaradanlar, yaşadanlar və mətbuat vasitəsilə xalqını oyadanlar, mabarizəyə səsləyənlər idi. “İlk milli mücahidlərimiz” M.Ə. Rəsulzadə, M.B.Məhəmmədzadə, Ə.M.Topçubaşov, N.Yusifbəyli, F.Xoyiski H.Ağayev və başqalarının müstəqil dövlət ideyalarını, istiqlal arzularını 1988-90-cı illərdə yaranan yeni milli ruhlu mətbuatımız davam etdirdi. Azərbaycan Xalq Cümhuriyyətinin mətbuatı 1918-1920-ci illərlə 1988-90-cı illər arasında bir mənəvi körpü rolunu oynadılar. Qəliblənmiş sovet mətbuatından milli demokratik mətbuata keçid böyük çətinliklər bahasına başa gəldi. Xalqın milli şüurunun dirçəldilməsi, oyanması üçün “Meydan”, “Odlar yurdu”, “Səhər”, “Ədalət”, “Vətən səsi”, “Qarabağ”, “Azadlıq”, “Azərbaycan” qəzetləri azadlıq mücadiləsində, müstəqillik uğrunda misilsiz xidmətlər göstərdilər. Əli bəyin, Əhməd Ağaoğlunun, Əlimərdan bəyin, Üzeyir bəyin ruhu uyuyan “Həyat”ın, “İrşad”ın, “Füyuzat”ın, “Açıq söz”ün yolunu şərəflə davam etdirərək, milli duyğu, düşüncə və şüura təsir edə biləcək, onu hərəkətə gətirəcək bütün imkan və vasitələrdən istifadə etməyə başladılar. “İçimizdəki və çölümüzdəki denikinlərə” bir daha sübut etdilər ki, bu xalq hələ milli mənlik şüurunu itirməyib və azadlığı, istiqlalı uğrunda mübarizə aparmağa və ona nail olmağa qadirdir.     

-         Qərənfil xanım, bu qadirliyi daimi olaraq yaşatmaq üçün gənclərə tövsiyəniz.

-         M.Ə.Rəsulzadə “Azərbaycan” qəzetinin 28 may 1919-cu il tarixli sayında yazırdı: “Azərbaycan türkləri bu gün ilk dəfə olaraq bir bayram saxlayırlar: İstiqlal bayramı! Doğrudur ki, bu gün yüksəltdiyimiz istiqlal bayrağını endirməyə, açdığımız ləvai-hürriyyəti bükməyə çalışan düçmənlər var. Bu düşmənlər bu gün hər tərəfdən bizə pusqu rurmaqda, bizi təhdid etməkdədirlər”.

Bu sətirlərin yazıldığı zamandan bir əsrdən çox vaxt kecib. Amma nə dəyişib? Yenə də bizim istiqlalımızı istəməyənlər var. Üzeyir bəy demiş; “Candan əziz olan istiqlalımızı əlimizdən almaqla canımızı almaq istəyirlər. Buna görədir ki, istiqlalımızı əldən verməmək üçün bu fövqəladə zamanda fövqaladə işlər də görməlidir ki, o işlərin mühüm raqi özümüzü xarici denikinlər ilə bərabər daxili denikinlərdən qorumaq təşəbbüsüdür”. Onların bu bəd niyyətlərini boğmaq üçün bu gün hər birimiz, xüsusən Azərbaycan gənci bütün qüvvəsi ilə gənc dövlətimizə, dövlətciliyimizə dəstək olmalıdırlar, boş xülyalara uymamalıdır. Ataların gözəl bir sözü var: “Yetimə can-can deyən çox olar, çörək verən az”. Heç bir dövlət, heç bir millət bizim xoş günümüz üçün özümüz qədər çalışmayacaq. Bunu birdəfəlik bilməliyik!  

-         Qərənfil xanım müsahibə üçün sağ olun, bir daha İstiqlal bayramınız mübarək olsun!

-         Sizin də!