Qeyri-ixtisaslı korifey jurnalistlər
Bölmə: MEDİA › ,Tarix: 15:06 31.05.2015
"Bəzi insanlar bu fikirdədirlər ki, ixtisas təhsili almadan da yaxşı jurnalist olmaq mümkündür və Həsən bəy Zərdabini, Üzeyir bəy Hacıbəylini, Nəcəf bəy Nəcəfovu, Rauf bəy Arifoğlunu, eləcə də bir çox başqalarını misal gətirirlər."
İnformator xəbər verir ki, bu haqda BDU-nun professoru, media mütəxəssis Nəsir Əhmədli özünün "Facebook" hesabında yazıb. "Həqiqətən də, bunlar korifey jurnalistlərdir, lakin bu adı çəkilən insanların heç biri jurnalistikanı öz ilkin arzusuna görə seçməyib. Onlar bu sahəyə məcburiyyət qarşısında, milli maraqları şəxsi peşə maraqlarından üstün tutduqları üçün, onların şəxsiyyətlərinin formalaşdığı dövrdə cərəyan edən ictimai-siyasi proseslərin tələbi ilə gəliblər. Məsələn, H.Zərdabi çox mükəmməl təbiətşünas alim idi, Moskva Universitetini, indiki terminlə desək, fəlsəfə doktoru elmi dərəcəsi ilə bitirmişdi, amma həmin universitetdə qalıb ixtisası üzrə müəllim işləmək kimi yüksək bir təklifi qəbul etməyərək vətənə dönüb qəzet buraxmaq qərarına gəlmişdi. Niyə? Gəlin bu sualın cavabını onun öz yazısından oxuyaq: “Hər kəsi çağırıram – gəlməyir, göstərirəm – görməyir, deyirəm – qanmayır… Hər kəs öz qara sandığının üstündə oturub onun içində olana səcdə edir və sandığı doldurmaq fikrindədir. Amma ətrafda müsəlman qardaşlarımızın bir-bir düşmənimiz əjdahanın ağzına düşüb yox olduğunu görməyir və görmək də istəməyir. Belədə qəzet çıxartmaqdan savayı bir qeyri əlac yoxdur”.
Ü. Hacıbəyli qüdrətli bir bəstəkar idi. XX əsrin əvvəllərində Azərbaycanda normal bir şərait olsaydı, o qələmə sarılmaz, öz sahəsi ilə məşğul olaraq yeni-yeni şedevrlər yaradardı. Təsadüfi deyil ki, sovet dövründə o məhz bu yolu seçdi, musiqi yaradıcılığına və pedaqoji fəaliyyətə, yaranmış şəraitdən bəhrələnərək milləti maarifləndirməyə üstünlük verdi.
N.Nəcəfovu, R.Arifoğlunu və onların bir çox başqa məsləkdaşlarını da jurnalistikaya gətirən XX əsrin 80-ci illərində başlanmış milli azadlıq hərəkatı oldu. Müstəqillik əldə edildikdən, demokratik qüvvələr hakimiyyətə gəldikdən sonra Nəcəf bəy jurnalistikadan ayrılaraq öz ilkin ixtisasına uyğun bir sahəyə keçdi. 1993-cü ilin iyun hadisələri olmasaydı, çox güman ki, Rauf Arifoğlu da indi daha rahat, daha sərfəli başqa bir işdə çalışardı", deyə mütəxəssis yazıb.