Mediada PR-ın rolu: "Jurnalistlər bu "tələ"yə düşməmək üçün..."-RƏY

Bölmə: MEDİA › ,
Tarix: 19:41 20.08.2024

PR –  insanın, şirkətin, ictimai hərəkatın, partiyanın, qeyri hökumət təşkilatının ictimai informasiyanın verilməsi və onunla əməkdaşlığa əsaslanan irəliyə hərəkəti üzrə kompleks tədbirlərdir.

Bəs PR sosial medianın marketinq sahəsində nə kimi rola malikdir?
Müasir mediada PR-ın rolu nədir?

Bu barədə "informator.az"a açıqlamasında PR Laboratoriya şirkətinin direktoru, PR məsləhətçi Afət Yaqubova bildirib ki, media marketinqin əsas vasitələrindəndir:

"Sosial media da ən son və ən yeni vasitə olduğu üçün, həmçinin imkanlarının genişliyi, daha böyük auditoriyanı əhatə etməsi, az büdcəli, bəzən isə tamamilə ödənişsiz olması, hədəf kütləsini çeşidləmək üçün alqoritm və məlumat bazasına malik olması onu marketinq üçün çox əlverişli edib. Sadaladığım üstünlüklərin hamısını birlikdə marketinqə digər heç bir media təqdim edə bilmədiyi üçün sosial media ən önəmli vasitələrdən biridir.
Media yarandığı vaxtdan PR (ictimaiyyətlə əlaqələr) üçün öz hədəf kütləsinin fikrini dəyişmək, yönəltmək, idarə etmək üçün vasitədir. PR təkcə şirkətlərin deyil, öz fəaliyyəti ilə nüfuz qazanmaq, məlumatlandırmaq istəyən hər bir qurumun, şəxsin fəaliyyətidir. Bu səbəbdən PR fəaliyyətləri genişləndikcə, insanlar və təsisatlar PR-a diqqəti artırdıqca, mediada PR-ın tutduğu yer genişlənir. İstər ictimai və siyasi fiqurlar olsun, istər dövlət qurumları, istərsə də özəl bizneslər, onların ən adi məlumatları belə mediada ictimaiyyətdə rəy yaratmağa, yönləndirməyə hədəflənmiş olur. Məsələn,  ağır qəzadan xəsarət almadan çıxmış sərnişinlərin görüntüləri qəza xəbərini hansısa avtomobil markasının nüfuzunu möhkəmlətməyə yönəldə bilər və yaxud da əksinə. Belə hallardan qaçmaq üçün hətta bəzi media nümayəndələri qəza, yanğın xəbərlərində marka adlarını çəkməməyə çalışırlar".

Ekspert jurnalistikada PR-ın tədris olunmasının faydalarından da danışıb:

"PR və kommunikasiya bizdə ayrıca ixtisas kimi tədris olunmalıdır. PR təkcə jurnalistika deyil. Psixologiya, sosialogiya sahələri də bu sahənin peşəkarlarının bilməli olduğu sahələrdir. Jurnalistika sahəsində isə  media nümayəndələrinin ictimaiyyətlə əlaqələr sahəsini bilməsinin öz fəaliyyətlərində PR materiallarından istifadə, məlumatların alınması, işlənməsi, ictimaiyyətli əhəmiyyətli məlumatların doğru müəyyənləşdirilməsi, həmçinin PR "tələsi"nə düşməməsi üçün vacibdir".

Aləmzər İbrahimova