Bayden və Si Cinpin arasında telefon danışığı olacaq

Bölmə: Dünya › ,
Tarix: 21:25 28.08.2024

ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpin yaxın vaxtlarda telefon danışığı aparmağı planlaşdırırlar. 

"İnformator.az" Ağ Evin rəsmi saytına istinadən xəbər verir ki, bu ehtimalı Amerika liderinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Çinin xarici işlər naziri Vanq Yi müzakirə ediblər.

“Sallivan və Wang Yi kommunikasiya kanallarının saxlanması səylərini alqışlayıblar, həmçinin prezident Bayden və Çin prezidenti Si Cinpin arasında telefon danışığı planlarını müzakirə ediblər”, - nəşr qeyd edib.

Bəyanatda həmçinin qeyd olunub ki, tərəflər ikitərəfli, regional və qlobal münasibətlərə dair məsələlər ətrafında “səmimi və mənalı” söhbət ediblər.  Əsas müzakirə mövzuları narkotiklərlə mübarizə, hər iki ölkənin hərbçiləri arasında təmaslar və süni intellekt olub.

Qeyd edək ki, bundan əvvəl Ceyk Sallivan Pekinə səfəri zamanı Çinin Rusiya hərbi-sənaye kompleksinə dəstəyindən narahatlığını ifadə edib.  Vanq Yi ilə danışıqlar zamanı o, həmçinin bəyan edib ki, ABŞ Tayvanın müstəqilliyini tanımır və “vahid Çin” prinsipinə sadiqdir.

Banuçiçək Kalbalıyeva