Dahinin istəyi, qələmin qüdrəti kitabı nəşr olundu

Bölmə: MEDİA › ,
Tarix: 15:39 04.06.2015

Mətbuatın yaranmasının 140 illiyi ərəfəsində jurnalistikanın inkişaf tarixindən bəhs edən kitab ictimaiyyətə təqdim olunub. Bakı Dövlət Universitetinin Mətbuat tarixi kafedrasının dosenti Qərənfil Dünyamin qızının müəllifi olduğu kitab jurnalistika ilə maraqlanan hər kəs üçün əhəmiyyətli hesab olunur.45-ə qədər məqalənin toplandığı kitabda Azərbaycan mətbuat tarixinin inkişaf yoluna həsr edilən yazılar yer alıb. “Dahinin istəyi, qələmin qüdrəti” adlanan vəsait Mətbuat Şurası və Kaspi qəzetinin köməyilə dərc olunub. Kitabda mətbuatın Azərbaycan cəmiyyətindəki rolu haqqında da yazılar toplanıb. Klassik jurnalistika ənənələri ilə müasirliyin qovuşduğu toplu gənc jurnalistlər üçün əhəmiyyətli hesab olunur.Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva kitab haqqında fikirlərini bölüşərək bildirib: “Biz bu gün bura bu məzmunlu kitabın işığına toplaşmışıq. Təsadüfi deyil ki, bir neçə gün öncə ADR-in 97-ci ildönümünü qeyd etdik. Tariximizə nəzər salmaqda bu kitabın yeri olacaq. Qərənfil xanım jurnalist-tədqiqatçıdır və arxiv materialları əsasında yazır. Qərənfil xanım “Kaspi” qəzeti ilə əməkdaşlıq edir. Mən özüm şəxsən həmişə Qərənfil xanımın qəzetdəki məqalələrini gözləyirəm. Qərənfil xanımı Kaspiçi kimi tanıyırıq. Söhbət təkcə “Kaspi”də işləməkdən getmir, tariximizə münasibətdən, sevgidən gedir. Biz bu kitabı oxumaqla tarixin qaranlıq məqamlarına işıq salmış olarıq, yaddaşımıza həkk etməklə böyük tarixi şəxsiyyətlərimizə bənzəməyə çalışarıq. Bu cür kitabın yazılması Qərənfil xanımın şəxsi keyfiyyətlərindən irəli gəlir”

Tədbirdə mətbuatın daha da inkişafı üçün Milli Mətbuat muzeyinin yaradılması da təklif olundu.