Jurnalistikamızın Pərvanəsi

Bölmə: MEDİA › ,
Tarix: 11:15 10.06.2015

Həmid  VƏLİYEV,

professor, Gürcüstan SSR-in Əməkdar jurnalisti

Onlar 13 nəfər idilər

Bir-birindən yaxşı oxumağa son dərəcə meyilli olan bu qızlar və oğlanlar bakalavr səviyyəsini bitirib, beynəlxalq jurnalist ixtisasına yiyələndiklərini sübut etdilər. Hamısı da magistraturada təhsillərini davam etdirmək arzusunda olduqlarını bildirdi.

O dövrdə magistraturaya qəbul, bütün ali məktəblərdə olduğu kimi, bizim universitetin də özündə aparılırdı. Ötən illərdə qəbul imtahanlarının bakalavr səviyyəsini əla, yaxud “4” və ya “5”-lə bitirən məzunlar magistraturaya daxil olmaq üçün müsabiqəyə buraxırdılar. Onların da miqdarı 4-5 nəfərdən çox olmurdu. Beynəlxalq münasibətlər və beynalxalq hüquq fakültəsinin ayrıca xarici dillər kafedrası olduğundan burada xarici dillərin tədrisi yüksək səviyyədə təmin edilirdi.

Bu dəfə vəziyyət tamamilə başqa cür idi. İddiaçıların əksəriyyətinin fərqlənmə diplomu vardı. “4” və “5” sahibləri isə aldıqları biliyin səviyyəsinə görə onlardan qətiyyən geri qalmırdılar. Fakültənin beynəlxalq münasibətlər və beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Ağalar Abbasbəyli narahatlığını gizlədə bilmirdi: «Müsabiqə çətin olacaq. Zarafat deyil: 2 yerə 13 iddiaçı ...»

Təkcə tabeliyindəkilərə qarşı deyil, özünə qarşı da tələbkarlığı ilə daim seçilən, kafedranın, fakültənin və ümumən Bakı Dövlət Universitetinin qayğıları ilə yaşayan, ciddiliyi və xeyirxahlığı əlaqələndirməyi bacaran, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan, təzəcə çapdan çıxmış əsərləri respublika milli kitabxanasının “Yeni kitablar” guşəsində müntəzəm nümayiş etdirilən Ağalar müəllimin narahatlığı əbəs deyildi. O, iddiaçıların hər birini elə mənim qədər (ixtisas müəllimi kimi) tanıyırdı və kiminsə magistraturadan kənarda qalmasını istəməzdi.

İmtahanlar başa çatdı. O 13 nəfər ixtisasdan da, xarici dillərdən də çox yüksək bilik nümayiş etdirdi, beynəlxalq jurnalistika ixtisası üzrə magistraturada oxumağa layiq olduğunu göstərə bildi.

Bəs bir-birindən daha hazırlıqlı olan 13 nəfərin içindən 4 nəfəri necə seçəsən? İnsafdırmı ki, dörd illik təhsil dövründə gecəni-gündüzə qatıb biliklərə yiyələnən, fransız dilinin yaradıcıları ilə mübahisə etməyə hazır olan, üstəlik kompyuter işinin mahir bilicisi kimi tanınan Zeynəb Kazımova, diplom işini ingilis dilində yazmaq istəyən, ağıllı fikirləri dinləməyi bacarıb, müstəqil nəticələr çıxaran, sakit təbiətli, gülərüzlü Vəfa Aslanova (Allahın əmri və Peyğəmbərimizin icazəsi ilə ailə qurduqdan sonra-İsgəndərova), tarix üzrə fəlsəfə doktorluğuna aparan yolu Space və Lider televiziyalarından keçən, tanınmış teleaparıcı Mehman Mehdiyev, hazırda Fransada doktorluq dissertasiyası müdafiə etməyə hazırlaşan Vüsalə İsazadə, qrupun ən təmkinli, ən səliqəli tələbələrindən olan Töhfə Niftəliyeva magistrantların siyahısında olmasın?

Obyektivlik verilən ölçü meyarlarını tanımaq istəmədi, haqq-ədalət öz yerini tapdı. O 13 nəfərin duaları qəbul olundu; bilikləri yüksək qiymətləndirildi. Onların beynəlxalq jurnalistika ixtisası üzrə magistraturaya götürülmələri haqqında BDU rektorunun əmri çıxdı.

Onlardan biri Pərvanə…

O 13 nəfər, sözün həqiqi mənasında xoşbəxtlər - arasında əslən Qərbi Azərbaycandan olan, Azərbaycan poeziyasının günəşi sayılan böyük Nizaminin vətəni Gəncədə böyüyüb  boya-başa çatmış Pərvanə Qurbanova da var idi ( Allahın əmri və Peyğəmbərimizin icazəsi ilə ailə qurduqdan sonra-İbrahimova).

Bəli, söhbət Bakı Dövlət Universiteti Mətbuat və informasiya şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq jurnalistika kafedrasının dosenti Pərvanə İbrahimovadan gedir. O Pərvanədən ki, universitetdə oxuduğu illərdə müəllimi olmuş, ixtisas fənlərindən dərs demişəm. O Pərvanədən ki, təhsil illəri ərzində beynəlxalq yönümlü jurnalistika sənətinə mükəmməl yiyələnməklə yanaşı, ingilis və ərəb dillərini də lazımi səviyyədə öyrənmişdi.

Çox vaxt müəllimliyi müqəddəs peşə adlandırırlar. Əlbəttə, belə bir fikri təkzib etmək mümkün deyildir. Doğrudan da, müəllim dərs dediyi hər şagirdə, hər tələbəyə bilik verir, elm öyrədir, onları gələcək həyata hazırlayır. Bu baxımdan müəllimlik çətin peşədir, xüsusilə qloballaşan dünyada, bütün yolların informasiya cəmiyyətinə doğru getdiyi, informasiya-kommunikasiya texnologiyalarının misli görünməmiş sürətlə inkişaf etdiyi, indiki şagirdin və ya tələbənin 25-30 il bundan əvvəlki kimi olmadığı bir zamanda müəllimin işi daha çətindir. O da faktdır ki, keçmiş tələbənin uğurları müəllimin nüfuzunu artırır.

Pərvanənin Şeril Sendberqlə oxşarlığı var

Belə bir məqaləni yazmaya da bilərdim, lakin bu günlərdə Azərbaycanın internet saytlarından birində onun verdiyi müsahibə məni yazmağa ruhlandırdı. İşinin həddindən artlq çox və çətin olduğunu bilirdim, bu müsahibədən sonra həmin həqiqəti bir daha hiss etdim. Doğurdan da, Pərvanə üç istiqamətdə fəaliyyət göstərməkdədir: Mətbuat və informasiya şöbəsinə rəhbərlik etmək, Beynəlxalq jurnalistika kafedrasının xətti ilə dərs demək, bir də çox vacib bir məsələ - övladlarının dərslərinə nəzarət etmək…

Valideynlərin, xüsusilə işləyən anaların övladlarına  qulluq etmələri bütün dünyada problemə çevrilib. Ötən il ABŞ-da Facebook şirkətinin top-meneceri, dünyanın ən gənc milyarder qadını Şeril Sendberqin “Fəallıqdan qorxma! İş, qadın, liderlik iradəsi” adlı kitabı çapdan çıxıb. Həmin kitabı bir nəşriyyatın sifarişi ilə dilimizə tərcümə etmişəm. Gender problemlərinə həsr olunmuş kitab elmi araşdırma kimi təqdim olunsa da, müəllifin həyatı ilə bağlı faktlara söykəndiyindən və aydın dildə birinci şəxsin dilindən danışıldığına görə çox maraqla oxunur. İnşallah, yaxın vaxtlarda kitab işıq üzü görməlidir.

Şeril Sendberqin xarakteri, həyatı və gündəlik işləri ilə Pərvanənin həyatı, xarakteri və gündəlik işləri arasında oxşar cəhətlər çoxdur. Şeril çətinliklərə sinə gərməyi bacarır, ağıllı adamlardan bu və ya digər məsələlərin həlli üçün məsləhətlər almağı sevir, təşkilatçılıq məsələlərinə, lap xırda işlərə məsuliyyətlə yanaşmağı bacarır, kollektivçilik ruhuna sadiq olduğunu nümayiş etdirir, başladığı işi yarımçıq qoymamağa çalışır, kadr seçimində, yerləşdirilməsində və tərbiyə edilməsində kifayət qədər hövsələ nümayiş etdirir, eyni zamanda, işlə ailə qayğılarını əlaqələnidirməyi bacarır, işini elə qurur ki, nə şirkətdəki fəaliyyətində, nə də ailədə problem yaranır. Əlbəttə, onu əhatə edənlər bu bacarıqlı xanımın uğurlarının daha böyük olmasına şərait yaradırlar.

Bütün bu keyfiyyətlər haqqında danışdığımız Pərvanədə də var. O, tapşırılan işin layiqincə yerinə yetirilməsi üçün var-qüvvə ilə çalışır. Tabeliyində olan kiçik kollektivin də hər bir üzvünün onu, necə deyərlər, “yamsılamağını” istəyir, istəyinə də, demək olar, həmişə nail olur.

Tədris etdiyi fənlərin tələbələr tərəfindən daha yaxşı mənimsənilməsi üçün əlavə ədəbiyyatdan istifadə etməklə yanaşı, ustadların mühazirə oxumalarına nail olur. AzərTAc-ın baş direktoru Aslan Aslanovun, Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin, APA-nın rəhbəri Vüsalə Mahirqızının, Modern.az saytının baş redaktoru Elşad Eyvazlının mühazirələrini çox ehtimal ki, tələbələr uzun illər boyu yaddan çıxarmayacaqlar, çünki bu mühazirələr həyatdan götürülmüş maraqlı faktlarla zəngin olubdur.  

Mətbuat və informasiya xidmətinin rəhbəri kimi Pərvanənin uğurları böyükdür, fəaliyyəti getdikcə genişlənir, əlbəttə, bu və ya digər işdə uğur qazanmaq üçün şərait olmalıdır, şəraiti isə rəhbərlik yaradır. Bakı Dövlət Universitetində işləyənlərin hamısının bəxti onda gətirib ki, onlara Abel müəllim kimi böyüklə-böyük, kiçiklə-kiçik olmağı bacaran şəxs rəhbərlik edir. Onun yaratdığı mühitdə pis işləmək, baş girləmək mümkün deyildir. Əgər bu gün universitetin Mətbuat və informasiya xidməti öz işini lazımi səviyyədə qurubsa, bunun hamısı Abel müəllimin yaratdığı mühitin nəticəsidir.

 Əvvəl azərbaycanlı, sonra jurnalist Pərvanə

Jurnalistika və onun cəsarətlə deyərdim ki, baş qəhrəmanı, aparıcı qüvvəsi olan jurnalist haqqında çox yazılmış, çox yazılır və yəqin ki, bundan sonra da çox yazılacaqdır. Cəmiyyətdə bu və ya digər məsələ ilə bağlı ictimai fikrin məhz ondan, onun dünyagörüşündən, yer üzündə baş verən hadisələrin köklərinə lazımi dərəcədə nüfuz edə bilməsindən, peşəsinə dərindən yiyələndiyini daim nümayiş etdirmək bacarığından asılıdır.

Jurnalistika ilə məşğul olan nəzəriyyəçilər deyirlər: Mətbuat siyasətdən kənar olmalıdır, hətta bəziləri daha uzağa gedərək, siyasi jurnalistikanın mövcudluğunu inkar etməyə çalışırlar. Əlbəttə, bu iddianın yanlış olduğunu jurnalistikadan başı çıxanlar, dünya jurnalistikası tarixinə bələd olanlar yaxşı bilirlər. Xarici ölkələrdə siyasi partiyaların meydana çıxması ilə onların mətbuat orqanlarının yaranması, öz partiyalarının siyasi xəttinin həyata keçiriliməsi ilə məşğul olduğunu bilməyən varmı?

Aforizmə çevrilmiş belə bir fikir vardır: “Elmin vətəni yoxdur”. Bu və ya digər elmi nailiyyət sərhədləri aşaraq dünyanın malına çevrilir. Hamı onu da yaxşı bilir ki, bu kəşfin sahibi olan alim hansısa ölkənin vətəndaşıdır. Yəni alimin vətəni vardır.

Onu da deyirlər ki, informasiyanın vətəni yoxdur. Hər hansı vacib informasiya bir göz qırpımında bütün dünyanın malına çevrilir. Deməli, informasiyanın yaradıcısı, əsl sahibi jurnalistin də vətəni vardır. O, Amerika Birləşmiş Ştatlarında yaşayır. O, İngiltərə vətəndaşıdır. O, fransızdır. O, almaniyalıdır. Nəhayət, öz azərbaycanlımızdır. Elə bizim Pərvanə kimi. Burada adamın yadına XIX əsrin görkəmli fransız yazıçısı və jurnalisti Onore de Balzakın “Paris mətbuatı haqqında monoqrafiyası’’nda fransız və ingilis jurnalisti barəsində ibrətamiz fikri düşür: “Fransız jurnalisti əvvəlcə jurnalist, sonra fransızdır. İngilis jurnalisti isə əvvəlcə ingilis, sonra jurnalistdir”. Balzak bu fikri söyləyərkən konkret faktlara əsaslanır. Məsələn, Əlcəzair milli azadlıq hərəkatının başçısı Əl-Qədirə sual verirlər ki, Fransada nəyə görə casus saxlamaq istəmir. O deyir ki, buna ehtiyacı yoxdur, fransız qəzetlərini oxumaqla oradakı vəziyyəti öyrənir.

XIX əsrdə belə idi. Amma indi Fransa jurnalisti ölkəsinin sirlərini qorumaqda ingilis jurnalistindən heç də geri qalmır.



Struktur rəhbəri -müdir Pərvanə

Bir neçə gün əvvəl layihə rəhbəri BDU-nun rektoru, akademik Abel Məhərrəmov, tərtibçi-müəllifi Pərvanənin olduğu “Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında” adlı 3 dildə-Azərbaycan,ingilis və rus dillərində  hazırlanmş kitabının təqdimat mərasimi keçirilirdi. Sözün həqiqi mənasında bu, möhtəşəm bir tədbir idi.  Kitaba ön söz yazmış BDU-nun rektoru, akademik Abel Məhərrəmovun dediyi kimi, “…kitab cəmiyyətin həyatına bütün istiqamətlərdə təsir edən iki möhtəşəm qüvvənin-universitet adlanan müqəddəs elm-təhsil  ocağının və qüdrətli ictimai institut sayılan kütləvi informasiya vasitələrinin qarşılıqlı münasibətlərini əks etdirir. Birinci möhtəşəm qüvvə öz maarifçilik və elmi fəaliyyəti ilə bütöv bir xalqın kamilləşməsində, millətlər içində tanınmasında, elmin və tədrisin birgəliyi sayəsində milli kadrların formalaşmasında misilsiz rolu olan qurumdur, ikincisi isə özünün dördüncü hakimiyyət funksiyası ilə müstəqil Azərbaycanımızda cəmiyyətin demokratik dəyərlərə yiyələnməsində, ölkənin inkişafında və tərəqqisində təmənnasız fəaliyyət göstərərək, ictimai institut statusu qazanmış kütləvi informasiya vasitələri, qısaca KİV, yaxud media dediyimiz qurumdur”.

BDU-da Mətbuat və informasiya şöbəsinin yaradılmasından 15 il keçir. Bütün məsələlərdə olduğu kimi, bu yeni işdə də BDU birinciliyi əldən vermədi. Pərvanə artıq 5 ildən çoxdur ki, quruma rəhbərlik edir və əvvəlki kollektivin bazasında yeniləşmə qaydasında işgüzar və mehriban  kollektiv yaratmağa müvəffəq olmuşdur.  Kollektiv  “Bu günün işini sabaha qoyma!” şüarı altında işləyir, jurnalistikanın operativlik və dəqiqlik prinsiplərinə dönmədən əməl edir, informasiyanın dilinin kifayət qədər anlaşıqlı və rəvan olmasına çalışır.

Təqdim olunan kitab universitetin son 15 illik fəaliyyəti barədə KİV-də işıqlandırılan materiallar əsasında hazırlanıb. Topluda  ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin universitetlə bağlı fərman və sərəncamları, rəsmi görüş və tədbirlər barədə məlumatlar, “BDU-nun Fəxri doktoru” adı verilmiş görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimləri haqqında informasiyalar, eləcə də universitetin yerli və beynəlxalq həyatı ilə bağlı  materiallar xronoloji ardıcıllıqla öz əksini tapıb. Yazıların dili, üslubu onların əksəriyyətinin Pərvanənin qələmindən çıxdığını göstərir.

Çox böyük zəhmətin bəhrəsidir bu kitab; universitetimizin son 15 illik həyatının sözün həqiqi mənasıda aynasıdır bu kitab. Burada nələr yoxdur? Burada son 15 il ərzində Bakı Dövlət Universitetinin qaynar həyatı öz əksini tapıb. Rektorumuzun kitaba  “Ön söz”ündə yazdığı kimi, “95 yaşlı universitetin ən cavan strukturlarından olan Mətbuat və informasiya şöbəsi universitet-mətbuat münasibətlərində körpü olmaqla yanaşı, görülən işlərin ictimailəşdirilməsi və təşkilində əvəzsiz rola malikdir”.

BDU-da çoxlu tədbirlər keçirilir. Hamısı da bir-birindən gözəl, rəngarəng. Hamısı da yüksək səviyyədə. Hamısı da bu ali məktəbdə güclü rəhbərliyin,   müasir dövrün, bütün yolların informasiya cəmiyyətinə doğru getdiyi dövrün tələblərinə cavab verə bilən, elmlə təhsilin əlaqələndirilməsini bacaran kadr potensialının mövcudluğunu və işgüzar komandanın səmərəli fəaliyyət göstərdiyini sübut edir.

Yüksək məsuliyyət hissi kadrların, xüsusilə qurumların rəhbərlərinin, necə deyərlər, qanına hopmuşdur. Hörmətli rektorumuz hər yerdə və hər şeydə hamıya nümunə göstərir. Hər hansı tədbirdə söylədiyi giriş sözü o qədər sanballı, o qədər əhatəli olur ki, məruzəçinin, yaxud məruzəçilərin deməyə sözü qalmır. Onlar rektorun dediklərini ya başqa şəkildə təkrarlayır, ya da məruzənin tələblərindən kənara çıxırlar. Elm və innovasiyalar üzrə prorektor, tanınmış fizik, AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin Elmi Şurada elmlə bağlı məruzəsində o qədər dərin təhlil olur ki, hər hansı sualı verməyə və cavab almağa ehtiyac qalmır. Bilik, təmkin, səriştəlilik, mehribanlıq və  səmimiyyət prorektorun ən yaxşı keyfiyyətlərindəndir. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə xanım Əliyevanın təhsilin bu və ya digər məsələləri ilə bağlı məruzələri də, demək olar ki, suallarsız keçir. Bu fikri universitetin digər rəhbər işçiləri barəsində də söyləmək mümkündür. Ayrı-ayrı qurumların universitetə şöhrət gətirən uğurları bunu deməyə əsas verir.

Yüksək təşkilatçılıq bacarığı, kollektivçilik ruhu və səriştəlilik  kadrları səciyyələndirən əsas xüsusiyyətlər hesab edilə bilər. Yeri gəlmişkən, demək lazımdır ki,  BDU-da işləyənlərin hamısının bəxti onda gətirib ki, universitetin hər bir əməkdaşını yaxından tanıyan və  ali məktəbin qayğıları ilə yaşayan akademik Abel Məhərrəmov rəhbərlik edir.

Nəticə  əvəzinə  

Bəli, kütləvi informasiya vasitələri - qəzetlər, radio və televiziya redaksiyaları, internet saytları BDU-dan bu və ya digər məsələ ilə bağlı hər gün yeni-yeni xəbərlər alırlar. Bu ünvandan daxil olan informasiyalara KİV işçiləri böyük  maraq göstərirlər. Belə bir marağın bir sıra səbəbləri olsa da, onlardan ikisini qeyd etmək yerinə düşərdi:

Birincisi, BDU kimi ali məktəbin həytını dolğun işıqlandırmaq hər bir KİV-in şərəf işidir; mediamız bu işin öhdəsindən layiqincə gəlir.

İkincisi, KİV-lərin əməkdaşları yaxşı bilirlər ki, Pərvanə xanımın qələmindən, yaxud redaktəsindən çıxmış materialın üzərində “əməliyyat aparmağa’’, nəyi isə dəyişməyə və ya dəqiqləşdirməyə heç bir ehtiyac qalmır,  hər şey yerli-yerində verildiyindən  material dərc edildikdən və ya internet saytına yerləşdirildikdən sonra ’’kiminsə başının ağrıması’’ halları olmur.

Jurnalistikamızın Pərvanəsi üç istiqamətdə daim fəaliyyətdədir-BDU-nun Mətbuat və informasiya şöbəsinə rəhbərlik edir, tələbələrə dərs deyir, övladlarının məktəb işlərinə nəzarət edir. Lap elə Facebook-un top meneceri amerikalı Şeril Sendberq kimi.