“Azərbaycan milli mətbuatı - 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi-praktik konfrans keçirilib

Bölmə: MEDİA › ,
Tarix: 15:38 29.06.2015

Bu gün Bakı Dövlət Universitetində “Azərbaycan milli mətbuatı - 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, KİV rəhbərləri, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti iştirak edib.

Konfransı giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açaraq 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan «Əkinçi» qəzetinin Azərbaycan milli mətbuatında xalqçılıq, millilik və bəşərilik məsələlərini əsas tutduğunu qeyd edib. Fəaliyyəti dövründə cəmiyyəti düşündürən problemlərə daim yer ayıran, xalqımızın maariflənməsində əvəzsiz xidmətlər göstərən «Əkinçi»dən sonra onun ənənələrini davam etdirən «Ziya», «Ziyayi-Qafqaziyyə», «Kəşkül», «Şərqi-rus», «Həyat», «İrşad», «Molla Nəsrəddin» və digər nəşrlərin xidmətlərindən danışan rektor, onların hər birinin Azərbaycan mətbuatı tarixində milli şüur, milli özünüdərk və təfəkkürün formalaşması və möhkəmlənməsinə verdikləri töhfələrdən danışıb.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli HəsənovPrezident İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən danışıb. Bugünkü tədbirin BDU-da keçirilməsini təsadüfi saymayan Əli Həsənov bildirib ki, universitet hər zaman mətbuat sahəsində öz töhfələri ilə seçilib, mətbuat tarixinin araşdırılmasında, jurnalist kadrların yetişdirilməsində danılmaz xidmətlər göstərib.

Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev «Əkinçi» qəzetinin yaranmasından, cağdaş mətbuat üçün yaradılmış şəraitdən danışıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Həsən bəy Zərdabinin tarixi xidmətlərinə, mətbuatın xalqımızın həyatında oynadağı rola diqqət çəkib.