Fransa Ermənistana yenidən silahlar göndərib

Bölmə: Siyasət › ,
Tarix: 15:15 10.02.2025

Fransanın Ermənistana yenidən silahlar göndərdiyi məlum olub. Bu haqda ‘’Caliber.az’’ məlumat verib. Silahların bir hissəsinin çatdırıldığı və bunun davam etdiriləcəyi bildirilib. ‘’Caliber.az’’ bu haqda yazır ki, Ermənistan aktiv şəkildə Azərbaycanla müharibəyə hazırlaşır. 

 

Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında politoloq Natiq Miri bildirib ki, Ermənistanın qonşu dövlətlərlə, o cümlədən, Azərbaycanla müharibə aparmaq potensialı demək olar ki, yox dərəcəsindədir. Ermənistanın silahlandırılması təkcə Azərbaycan üçün nəzərdə tutulmur. Buna fərqli nöqtələrdəndə yanaşmaq lazımdır: 

 

"Silahlanma, ordunu gücləndirmək bütün dövlətlər üçün çəkindirici məqam xarakteri daşıyır. O baxımdan, Ermənistanın Azərbaycanla müharibəyə hazırlaşdığı iddiasını birmənalı olaraq qəbul etmirəm. Ancaq hər bir halda Ermənistan özünü qorumaq üçün silahlanır, ordunu təkmilləşdirməyə çalışır və müəyyən islahatlar aparmağa cəhd edir. Çünki Ermənistanın qonşu dövlətlərlə müharibə aparmaq potensialı demək olar ki, yox dərəcəsindədir. Yəni əraziləri işğal etmək istəyən bir dövlət müharibəni ona görə başladır ki, qələbə çalacağına əmin olur. Belə bir əminlik Ermənistanda varmı? Yaxın 10 ildə olacaqmı? Ermənistan silahlanarkən digər dövlətlərin, o cümlədən, Azərbaycanın yerində saydığınımı düşünür? Təbii ki düşünmür. Çünki baş nazir Nikol Paşinyan dəfələrlə çıxışlarında Azərbaycanın da ən ciddi müasir silahlarla silahlandığını bəyan edib. Ona görə də açığı hər şeyi öz adı ilə çağırsaq, bu Ermənistan dövlətinin ən azından ordusunu gücləndirmək xarakteri daşıyır ki, burada Fransa əsas rol oynayır. Çünki Hindistandan silahların alınmasında da açar ölkə Fransadır. Fransa ilə Hindistan arasında anlaşma var ki, bəzi birgə silahların yaradılması ilə bağlı müəssisələr vardır. Bu müəssisələrin istehsal etdiyi silahların dost ölkələrə satılması ilə bağlı xüsusi bir bənd var. Düşünürəm ki, bu Fransanın təklif etdiyi bir bənddir. Dost ölkə dedikdə isə təbii ki Ermənistan nəzərdə tutulur. Ona görə də Fransa özünə yaraşanı edir və bundan sonrada Makron hakimiyyətdə olduğu müddətdə davam edəcək. Əlbəttə, Ermənistanın Azərbaycana heç bir sahədə gücü çata bilməz. Həm coğrafi-strateji yüksəkliklərin Azərbaycan ordusunun nəzarətində olması, Azərbaycan ordusunun xüsusi nizamlı və peşəkar hərbi hissələrinin mövcudluğu və bu prosesin davamlılığı və s. bunun göstəriciləridir. Eyni zamanda, peşəkarlıq və silahların müxtəliflik tərkibinə baxsaq, təbii ki Ermənistan Azərbaycanla müharibə apara bilməz. Ümumiyyətlə, mən belə müqayisələrin tam əleyhinəyəm. Bizimlə müqayisə oluna biləcək tək şey özümüzdür. Azərbaycanın bizi sevən və ya sevməyən dövlətlətin qarşısında daim ayaqda qala bilmək, daim güclü olmaq məcburiyyəti var. Ona görə yarışacaq biri varsa, bu Ermənistan deyil. Azərbaycan güclü olmalıdır, bütün türk dövlətləri ilə bir olmalıdır. Ona görə də kim Ermənistana havadarlıq edirsə etsin, Ermənistanın müharibə aparmaq perspektivi yoxdur".

 

Politoloq qeyd edib ki, Ermənistanın silahlandırılması təkcə Azərbaycan üçün nəzərdə  tutulmur:

 

"Azərbaycan zaman-zaman silahlanmaya dair açıqlamalar verir və buna razı olmadığını bildirir. Üstəlik, sülh müqaviləsi imzalanmadan, normal münasibətlərin qurulmadan, əməkdaşlıq, diplomatik fəaliyyət bərpa olunmadan Azərbaycan belə bir silahlanmanın əleyhinə olduğunu bəyan edir. Bu da doğru addımdır, çünki sülh müqaviləsi imzalanmadan, regionda sülh mühiti yaradılmadan Ermənistanın belə silahlandırılması sülhə töhfə vermir, əksinə, gələcək münaqişələrdən xəbər verir. Amma onu da nəzərə almalıyıq ki, Ermənistanın silahlandırılması təkcə Azərbaycan üçün nəzərdə tutulmur. Çünki Azərbaycan indiki vəziyyətdə Ermənistan üçün təhlükə vəd etmir. Azərbaycan öz problemini həll edib, ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu baxımdan, Azərbaycanın müharibə etmək üçün heç bir əsası yoxdur. Amma Ermənistanda rejimi devirmək, dəyişmək və ‘’kukla rejim’’ yaratmaq üçün Rusiyada revanşist idealar var. Bu da Nikol Paşinyan hakimiyyəti üçün ən ciddi potensial təhlükələrdən biridir. Ona görə silahlandırılmanı bu kontekstdən də qiymətləndirmək lazımdır".

 

Günel Verdiyeva