Amazon-un Alexa-sı süni intellekt çatbot dövrü üçün böyük yeniləmə alır

Tarix: 22:32 26.02.2025
Amazon Alexa-nın yenilənmiş versiyası Alexa+-ı təqdim edib. Yeni versiya daha təbii ünsiyyət qurur, istifadəçinin fərdi seçimlərini nəzərə alır və konsert bileti sifarişi kimi tapşırıqları yerinə yetirə bilir. Xidmətin aylıq qiyməti 19.99 dollar olsa da, Amazon Prime üzvləri üçün pulsuz olacaq və erkən giriş gələn ay başlayacaq.
Amazon bu yeniləmə ilə ChatGPT, Google Gemini kimi süni intellekt əsaslı rəqiblərlə rəqabət aparmağı hədəfləyir. Yeni nəsil süni intellekt agentləri sadə çatbotlardan fərqli olaraq, alış-veriş etmək və ya sifarişin qaytarılması kimi real dünya işlərini həll edə biləcək.
Amazon-un cihazlar üzrə rəhbəri Panos Panay, Alexa-nın əvvəllər texnologiya məhdudiyyətlərinə görə tam potensialını nümayiş etdirə bilmədiyini, lakin generativ süni intellekt və böyük dil modelləri sayəsində artıq bu hədəfə çatdıqlarını bildirib. Apple və Google da oxşar yanaşma sərgiləyir, lakin Alexa+ Amazon-un virtual köməkçisini müasir dövrə uyğunlaşdırmaq üçün vacib bir addımdır.
CNN News
Aydan Quliyeva